Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclər sağlam həyat tərzini seçir” mövzusunda konfrans keçirildi

11 mart 2015 | 11:00

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) “Azərbaycan Gəncliyi 2011- 2015 - ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun reallaşdırdığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən “Sağlam həyat tərzi-gənclərin iştirakı ilə ictimai müzakirələr” adlı layihə çərçivəsində bu gün Ağstafa şəhərində gənclərin iştirakı ilə rayon Təhsil şöbəsində konfrans keçirildi.
TUMİB sədri Çingiz Bayramov çıxış edərək yeniyetmə və gənclərimizin yüksək təhsil alması və fərdi təşəbbüslərinin üzə çıxarılması istiqamətində gördüyü işlərdən danışıb. Ç.Bayramov bildirib ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq haqda gəncləri maarifləndirməkdir. O, gəncləri öz sağlamığının qeydinə qalmağa və təbii qidalarla qidalanmağa səsləyib.
TUMİB-in İdarə Heyətinin üzvü, gənc jurnalist Seymur Verdizadə regionlarda bu cür tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Natiq qeyd edib ki, yeniyetmə və gənclərimiz arasında bütün sahələrdə, o cümlədən sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işləri aparılmasına ehtiyac vardır. “Sağlamlıq hamıdan çox Sizin özünüzə lazımdır”, - deyən natiq gəncləri idmanla məşğul olmağa və zərərli vərdişlərdən çəkinməyə çağırıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan gənclərinin şəxsi rifah halının və intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən danışılıb və bu sahədə zəngin qanunvericilik bazasının yaradıldığı qeyd olunub.
Sonda tədbirin təşkilatçıları gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Keçidlər