Ağstafa rayonunda aparılan tikinti-abadlıq işləri davam etdirilir
2011-ci ildə olduğu kimi cari ildə də rayonda tikinti-abadlıq işləri davam etdirilmişdir. Cari ilin ötən dövrü ərzində Təhsil Nazirliyinin sifarişi ilə tikintisi aparılan Tatlı kənd 220 və Düzqışlaq kənd 180 şagird yerlık məktəb binalarında tikinti-quraşdırma işləri başa çatdırılaraq istismara verilmişdir. Şahmat məktəbində əsaslı təmir işləri başa çatdırılmışdır. Hazırda rayon İcra hakimiyyətinin sifarişinə əsasən Göycəli kəndində 360, Soyuqbulaq qəsəbəsində 220 şagird yerlik məktəb binalarının, Köçəsgər kəndində qəzalı tədris korpusunun yerində yeni tədris korpusunun, Ağstafa şəhərində 115 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Soyuqbulaq və Köçəsgər məktəblərinin ilin sonunadək istismara verilməsi nəzərdə tutulmuşdur.
Qəzalı, heç bir kommunal şəraiti olmayan kazarma tipli mənzillərdə yaşayan sakinlərin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Bu məqsədlə 1 ədəd 4 mərtəbəli 24 mənzilli və 1 ədəd 2 otaqlı fərdi tipli yaşayış evlərində son tamamlama işləri aparılır və yaxın müddətdə həmin evlərə Heydər Əliyev prospekti 5, Üzeyir Hacıbəyov küçəsi 29 və 30 nömrəli ünvanlarda qəzalı mənzillərdə yaşayan sakinlərin köçürülməsi nəzərdə tutulmuşdur. 1 ədəd 40 və 1 ədəd 48 mənzilli 5 mərtəbəli yaşayış kompleksinin tikintisi sürətlə davam etdirilir. 1 ədəd 4 mərtəbəli 16 mənzilli yaşayış binasının tikintisi üçün ayrılmış vəsait təyinatı üzrə xərclənmiş və tikintini davam etdirmək məqsədi ilə vəsait ayrılması üçün Nazirlər Kabinetinə müraciət edilmişdir. Hüseyn Arif küçəsində yerləşən 33 mənzilli 3-4 mərtəbəli 3 girişli yaşayış binasının pilləkən qəfəsələrində bərpa-gücləndirmə işləri başa çatmış, dam örtüyü və fasadları tamamilə yenidən qurulmuş, M.Ə.Rəsulzadə küçəsi 98 nömrəli ünvanda 5 mərtəbəli 50 mənzilli yaşayış binasının dam örtüyünün, fasadlarının yenidən qurulması işləri başa çatmaq üzrədir.
M.Ə.Rəsulzadə küçəsində yeni işıqlandırma dirəkləri quraşdırılmış, səkilərə bruçatka daşı qoyulmuş, dekorativ hasarlar tikilmiş, küçə boyunca yerləşən fərdi və ictimai tikililərin fasadları müasir üslubda yenidən qurulmuşdur. Hazırda küçəyə asfalt örtüyünün salınması başa çatmaq üzrədir. Həmin küçəyə 22 min kv.metr asfalt örtüyü qoyulmuşdur. Mehdi Mustafayev adına istirahət parkının tikintisi başa çatdırılmış və yaxın günlərdə açılışı planlaşdırılmışdır. Hazırda Ağstafa şəhərində tarixi və müasir abidələr parkının tikintisinə başlanılmışdır.
Ağstafa şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin ikinci mərhələsinin icrası davam etdirilir. Layihənin birinci mərhələsində tutumu 1000 kub m. olan mövcud su ambarı əsaslı təmir edilmiş, 1500 kub m. yeni su anbarı, xlorator binası, laboratoriya binalarının tikintisi başa çatdırılmış və şəhərədək daşıyıcı su kəmərləri çəkilmişdir. İkinci mərhələrdə şəhərin küçələrinə su və kanalizasiya xətlərinin və çirkab su daşıyıcı magistral boru xəttinin, Ağstafa Sukanal idarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə istehsalat bazası və inzibati binasının tikintisi davam etdirilir.
Rayon Baytarlıq idarəsinə yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Uzunluğu 59,0 km olan Ağstafa-Poylu-Gürcüstanla sərhəd avtomobil yolunun əsaslı təmir işləri davam etdirilir. 2013-cü ildə istismara verilməsi nəzərdə tutulmuşdur. Tikintinin dəyəri 22 ml. manat təşkil edir.
Hazırda Azərbaycan İnvestisiya Şirkəti ilə Almaniyanın RAO QLOBAL QRUP şirkətinin birgə vəsaiti ilə Ağstafa Aqroservis MMC-nin tərkibində ümumi tutumu 30 000 tonluq 3 taxıl anbarı, ümumi tutumu 6 000 tonluq 3 toxum anbarının və istehsal gücü sutkada 10,0 ton olan un dəyirmanının təməlinin qoyulması üçün hazırlıq işləri gedir. Rayonun imkanları hesabına Tarix-Diyarşünaslıq muzeyinin və “Peintbol mərkəzinin tikntisinə başlanılması və 2013-cü ilin avqust ayında istismara verilməsi planlaşdırılmışdır.