Ağstafada daha bir ticarət obyekti sakinlərin istifadəsinə verildi
Son dövrlərdə Ağstafa rayonunda aparılan abadlıq və yenidənqurma işləri ilə yanaşı sakinlərə yüksək xidmət göstərən yeni müəssisələrin açılmasına da diqqətlə yanaşılır. Bu sahədə yeni ticarət obyektlərinin, xidmət müəssisələrinin bərpası və yenilərinin açılması prosesi uğurla davam etdirilir.
Bu gün Ağstafa şəhərində sakinlərin keyfiyyətli istehlak məhsulları ilə təminatının daha da yaxşılaşdırmaq məqsədi ilə “Kəsəmən market” adlı ticarət obyektinin açılışı oldu. Ümumi sahəsi 500 kv. metr, işçilərin sayı 15 nəfər olan market Ağstafa şəhər H.Arif və R.Alıcanov küçələrinin kəsişməsində yerləşir. Market müasir standartlara uyğun avadanlıqlarla təchiz edilmiş və sakinlərə yüksək xidmət göstərmək üçün lazımi şərait yaradılmışdır.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Qeyd olundu ki, yerlərdə bu cür müasir, yüksək parametrli xidmət sahələrinin yaradılıb sakinlərimizin ixtiyarına verilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir. Bu gün respublikamızın bütün yerlərində olduğu kimi Ağstafada da süni qiymət artımına qarşı mübarizə ən yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya mütəmadi olaraq ticarət və xidmət obyektlərində olur və süni qiymət artımı qeyd edildikdə dərhal qanuna müvafiq qaydada təxirəsalınmaz tədbirlər görülür.
Sonra marketin açılışını ifadə edən rəmzi qırmızı lent kəsildi və tədbir iştirakçıları burada yaradılan şəraitlə əyani tanış oldular.