Ağstafada Novruz Bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi
17 mart 2015-ci il tarixdə Ağstafa şəhər S.Vurğun adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibəti ilə geniş bayram tədbiri keçirilmişdir.
Bayram şənliyində Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, RİH başçısının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon sakinləri iştirak edirdi. Tədbir iştirakçıları öncə S.Vurğun Parkının qarşısında məktəblilərin və yerli sənətkarların əl işlərindən ibarət sərgiləri, milli folklorumuzdan nümunələri, ədəbi-bədii kompozisiyaları, idmançıların çıxışlarını izlədilər.
Bayram tədbirini giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi və hər kəsə ən xoş arzularını çatdırdı.
Tədbirdə yazın gəlişini bildirən bayram tonqalı yandırıldı. Azərbaycanın dahi şairi Səməd Vurğunun canlı səsi ilə şeir səsləndirildi, kompozisiya nümayiş etdirildi.
Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdiyi geniş konsert proqramı ilə davam etdirildi.