Muğanlı kəndində səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev dekabr ayının 5-də rayonumuzun Muğanlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəbi Mursaquliyev Muğanlı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Fəxrəddin Səfiyev Muğanlı kəndinə təbii qazın verilməsinin tezləşdirilməsini xahiş etdi.
2. Elvin Əhmədov Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulmasının əhəmiyyətindən danışdı.
3. Fatma Yusifova Muğanlı kənd tam orta məktəbin əsaslı təmir edilməsini təklif etdi.
4. Xanlar Əfəndiyev işlə təmin edilməsini xahiş etdi.
5. İlham Sofiyev istehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarın inşa olunmasını təklif etdi.
6. Ayxanım Paşşanova Muğanlı kənd xəstəxanasına təcili tibbi yardım avtomobilinin verilməsinin vacibliyindən danışdı.
7. Sərxan Əmiraslanov ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
8. Adil Musayev özünə məxsus mal-qaranın satdığı vətəndaşdan pulunu ala bilməməsi barədə məlumat verdi.
9. Əli Tomayev Muğanlı kəndinin içməli su təminatının yaxşılaşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
10. Nəzifə İsmayılova Sovet dövründən qalmış əmanətin alınmasında yaranan problemin həll olunmasına köməklik edilməsini xahiş etdi.
11. Məhəmməd Əfəndiyev Muğanlı kəndi ilə Sadıqlı kəndini birləşdirən avtomobil yolunun təmir edilməsini xahiş etdi.
12. Şahin Məmmədov ərazidə olan bəzi yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsini təklif etdi.
13. Xanəhməd Tomayev kəndin qəbiristanlıq yolunun təmir edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda bölgə üçün əhəmiyyətli olan Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulması işləri davam edir və Sadıqlı kəndində Beynəlxalq Gömrük Terminalının tikintisi üçün torpaqayırma sənədlərinə hazırlıq işləri gedir. Qeyd edildi ki, Kür çayının sol sahil yaşayış məntəqələrinin təbii qazla təminatı 2013-cü ildə tam başa çatdırılacaqdır.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.