“Qazax-Borçalı bölgəsinin xalçaçıları” kitabının və filminin təqdimatı keçirildi
Azərbaycanın əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Qazax-Borçalı bölgəsinin xalçaçıları” kitabının və filminin təqdimatına dair tədbir keçirilmişdir. Ağstafa şəhər “Yazıçılar evi”ndə keçirilən tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, kitabın müəllifi Vidadi Muradov, Azərilmə, Elmi Tədqiqat və İstehsalat Mərkəzinin ekspertləri, Ağstafa rayon İcra hakimiyyətinin müavinləri və RİH aparatının şöbə müdirləri, rayon ictimaiyyətinin, Qazax və Tovuz rayonlarının, xalçaçı qadınların nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Azərbaycanda xalçaçılığın və xalça sənətinin tarixindən geniş danışaraq qeyd etdi ki, tarixən mövcud olmuş və nümunələri bu günə qədər yaşayan Təbriz, Bakı, Şirvan, İrəvan, Qarabağ, Qazax və Borçalı xalçaları xalqımızın mühüm maddi mədəniyyət nümunələridir. Azərbaycanda xalçaçılıq sənətinin tarixi xeyli qədimdir. Azərbaycan xalçaları öz koloritliyi və rəngarəngliyi ilə bütün dünyada tanınır. Təsadüfü deyildir ki, bu gün dünyanın ən məşhur muzeylərində sərgilənən xalçaların böyük əksəriyyəti tarixi Azərbaycan xalçalarıdır. Azərbaycanda xalçaçılığın inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısı olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Bakıda möhtəşəm Xalça Muzeyi inşa olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan xalçaları UNESCO-nun mədəni irs siyahısına daxil edilmişdir.
Azərbaycan xalqının tarixində xalçaçılıq sənətinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən professor Nizami Cəfərov Qazax-Borçalı xalçaçılıq məktəbinin ənənələrindən və bu ərazidə yaradılan gözəl xalça nümunələrindən ətraflı bəhs etdi. Qeyd olundu ki, müəllifin bu əsəri xalqımızın sənətkarlıq tarixinin öyrənilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə digər çıxış edənlər professor Kübrə xanım, Qazax rayon İcra hakimiyyəti başçısının müavini Gülayə Həsənova və Ağstafa rayon Poylu kənd sakini xalça ustası Mahirə Qədimova xalça ustası “Qazax-Borçalı bölgəsinin xalçaçıları” kitabının ərsəyə gəlməsini yüksək qiymətləndirdilər.
Azərbaycanda xalçaçılıq sənətinin öyrənilməsində və təbliğində qazandığı nailiyyətlərə görə müəllif Vidadi Muradov Ağstafa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı ilə təltif olundu.
Tədbir saz ifaçılarının müşayiəti ilə davam etdirildi.
Müşayiət