Cari ilin birinci rübünün yekununa dair Şuranın geniş tərkibdə iclası keçirildi
Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi. “2015-ci ilin birinci rübündə Ağstafa rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr “ barədə məsələ Şuranın yığıncağında geniş müzakirə olundu.
Şura iclasını sədrlik edən cənab Məhərrəm Quliyev bildirdi ki, aprelin 10-da Nazirlər Kabinetinin iclasında ilin birinci rübünə yekun vuran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında hesabat dövründə ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurları göstərmişdir. 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında ümumi daxili məhsulda 5 faiz, qeyri-neft sektorunun inkişafında 7 faiz, kənd təsərrüfatında 3 faiz artım qeydə alınmışdır. Ağstafa rayonunda da ilin birinci rübündə əldə olunan nailiyyətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Hesabat məruzəsində qeyd olundu ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin birinci rübündə Ağstafa rayonunda Ümumi məhsul buraxılışının həcmi 2.3 faiz, o cümlədən sənaye məhsulunun həcmi 3.2 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 6.5 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1.1 faiz artmışdır. Cari ilin birinci rübündə rayonda aparılan tikinti işlərinin həcmi 2014-cü ilin birinci rübü ilə müqayisədə 51.5 faiz, nəqliyyat və rabitə xidmətləri 5.3 və 5.2 faiz, ticarət 5.6 faiz artmışdır. 2015-ci ilin birinci rübündə rayonda əsas kapitala yönəldilən investisiyanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.7 faiz çoxalmışdır. Rayonda orta aylıq nominal əmək haqqı 1.1 faiz artaraq 242 manat olmuş, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 3.2 faiz artım qeydə alınmışdır. 2014-cü ilin birinci rübündə rayonda 257 yeni iş yeri aşılmışdır, onun da 236-sı (91.8 %) daimi iş yeridir. Cari ildə rayonda abadlıq, tikinti işlərinin sürətlə aparılması təmin olunur. Hazırda Ağstafa şəhərinin C.Cabbarlı, E.Qələmçəli və N.Kəsəmənli küçələrinin yenidən qurulması işləri aparılır. Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və Bərpa mərkəzinin yenidən qurma işləri, eləcə də RMX-nin doğum şöbəsində aparılam təmir işləri başa çatmaq üzrədir. Hazırda həmin şöbənin həyətində abadlıq işlərinin aparılmasına başlanılmışdır. Poylu kəndində 55 yerlik uşaq bağçası-körpələr evinin tikintisinin layihə sənədlərinin hazırlanması başa çatmaq üzrədir. Rayonun Kür çayının sol sahilində yerləşən 11 yaşayış məntəqəsinin qazlaşması üçün daşıyıcı qaz xəttinin çəkilişi davam edir. Saloğlu və Soyuq bulaq qəsəbələrində qazlaşma layihəsinin həyata keçirilməsinə başlanılmışdır.
Gündəliyə daxil olan digər məsələlər barəsində Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini L.Eyyubova, RİH Aparatının memarlıq və tikinti şöbəsinin müdiri S.Mustafayev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini R.İmanov, İnformasiya təminatı və təhlil sektorunun müdiri K.Abbasov arayışla çıxış etdilər.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.