GÖRKƏMLİ OFTALMOLOQ-ALİM, AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN ANADAN OLMASININ 92-ci İLDÖNÜMÜ QEYD OLUNDU
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd olundu. Tədbir YAP Ağstafa Rayon Təşkilatının inzibati binasında keçirildi.
Tədbir iştirakçıları ilk öncə bir dəqiqəlik sükutla akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etdilər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Qadınlar Şurasının sədri Şəhanə Osmanova qeyd etdi ki, yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti Zərifə xanımı hamıya sevdirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətləri özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş etmişdir. O, hər zaman düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim ilk növbədə insanları sevməli, onların ağrısını hiss etməlidir.
Daha sonra Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Konsultativ Poliklinikasının göz həkimi Gülnar Abdullayeva çıxış edərək böyük elm fədaisinin tibb dünyasına gəldiyi illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxonma infeksion xəstəliyinin geniş yayıldığını bildirdi. Belə bir vəziyyətdə bu infeksion xəstəliyi, eləcə də onun müalicəsini ətraflı şəkildə öyrənən Zərifə xanım Əliyeva şəxsiyyətinə Azərbaycanın ehtiyacı var idi. Onun 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülməsi elmi fəaliyyəti ilə həkimliyin üzvü bağlantısı idi. O, 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasının dosent vəzifəsinə seçilmişdi. Zərifə xanım dosentlikdən, professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdir. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuşdur. Gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülərək keçmiş SSRİ-də bu mükafatı qazanan ilk qadın olmuşdur.
Tədbirdə çıxış edən digər natiqlər də Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə geniş nəzər saldılar.