9 May - Qələbə Gününün 70 illiyi qeyd olundu
Ağstafa şəhəri Heydər Əliyev Muzey-Mərkəzində faşizm üzərində qələbənin 70-ci ildönümü münasibəti ilə Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirildi.
Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Əfqanıstan müharibəsi və Çernobıl Əlliləri İttifaqının nümayəndələri də iştirak etdi.
Tədbiri giriş sözü ilə açan cənab Məhərrəm Quliyev faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə müharibə veteranlarını səmimi qəlbdən təbrik edərək, onlarla ünsiyyətdən məmnun olduğunu bildirdi. Böyük Vətən Müharibəsində Qələbənin əldə edilməsində misilsiz xidmətləri olan, böyük hünər nümayiş etdirərək qəhrəmanlıq salnaməsi yazan müharibə iştirakçılarına möhkəm can sağlığı arzuladı. Qeyd olundu ki, Böyük Vətən Müharibəsində Azərbaycanın oğul və qızları igidlik və rəşadət nümayiş etdirərək böyük Qələbənin əldə olunmasında fədakarlıq göstərmişlər. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müharibə veteranlarının hamı üçün canlı tarix olduğunu bildirdi və bu cəhətdən də görüşün xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırdı. Veteranlarımızın xidmətlərinin dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildiyini söyləyərək, bu qayğının əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğuladı.
Tədbirdə çıxış edən veteranlar onlara hər zaman göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Qələbənin 70 illiyi münasibəti ilə yubiley medalları müharibə veteranlarına təqdim edildi.
Tədbir çay süfrəsi arxasında rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirildi.