Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə “Kitab və Gül Bayramı” keçirildi
Bu gün Heydər Əliyev Muzey-Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə möhtəşəm “Kitab və Gül Bayramı” keçirildi. Bayram tədbirində Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İlk öncə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri qoydular.
Sonra Heydər Əliyev Muzey-Mərkəzinin önündə təşkil olunmuş geniş kitab və gül sərgisinə baxış keçirildi. Sərgidə həmçinin uşaq və yeniyetmələrin hazırladıqları rəsmlər və müxtəlif əl işləri sərgiləndi. Tədbir iştirakçıları sərgidə nümayiş etdirilən kitablarla tanış oldular. Burada öz mənalı ömrünü xalqına, onun azadlığı və firavanlığına bəxş etmiş Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan yüzlərlə kitab, jurnal və elektron vəsaitlər nümayiş etdirildi. Rayon Mərkəzi Kitabxanasının işçiləri tədbir iştirakçılarına ayrı-ayrı əsərlər barədə qısa, konkret bilgilər verdilər.
Tədbirdə azyaşlı uşaqların və məktəblilərin ifasında şer və kompozisiyalar səsləndirilmişdir. Ağstafa rayon Texniki Yaradıcılıq və Uşaq Yaradıcılıq Mərkəzlərinin təqdim etdikləri əl işlərindən ibarət sərgilər də böyük marağa səbəb oldu.
Bayram tədbiri tədbir iştirakçılarının Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşası və Mərkəzin muzeylərinə ekskursiyası ilə davam etdirildi.