Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi
Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi. Tədbirdə həmçinin Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov, Komitənin Gəncə şəhəri və Tovuz-Ağstafa-Qazax bölgəsi üzrə şöbə müdirləri və məsul işçiləri də iştirak edirdi.
Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev müzakirəyə çıxarılan məsələlərin əhəmiyyəti barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunan uğurlu nəticələr, milli-mənəvi dəyərlərin cəmiyyətdə dolğun təşviqi və yaşadılması, eləcə də din sahəsində həyata keçirilən dövlət siyasəti sahəsində Ağstafa rayonunda bir sıra işlər görülmüşdür. Bu sahələrdə əldə olunan uğurlarla yanaşı meydana çıxan nöqsanların aradan qaldırılması və yeniliklərin tətbiqinin sürətləndirilməsi üçün əlavə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov çıxış edərək din sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verdi. Natiq ölkəmizdə dini sabitliyin qorunub saxlanılması və dini maarifləndirmə istiqamətində Komitə tərəfindən görülən işlərdən bəhs etdi. Hər bir bölgədə, eləcə də Qərb rayonlarında dini icmalarla aparılan işi geniş təhlili edərək, radikal təriqətlərin bu bölgədə fəaliyyətinin qarşısının alınmasında rayon İcra hakimiyyətlərinin təcrübəsindən ətraflı danışdı. S.Heydərov dini maarifləndirmə sahəsində görülməsi zəruri olan məsələlərə də toxunaraq din xadimlərinin üzərinə düşən işlərdən də bəhs etdi.
Gündəliyə daxil olan məsələlər barəsində Ağstafa rayon İcra hakimiyyəti başçısının müavinləri Lalə Eyyubova və Aydın Hacıyev, RİH Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev, Hüquq şöbəsinin müdiri Müşfiq Hüseynov, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ramiz İmanov və İnformasiya təminatı və təhlil sektorunun müdiri Kamran Abbasov arayışla çıxış etdilər.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.