15 May Beynəlxalq Ailə günü qeyd olundu
15 may bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Bu münasibətlə Ağstafa rayonu Heydər Əliyev Mərkəzinin konfrans zalında tədbir keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının, Heydər Əliyev Mərkəzinin məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən natiqlər bu gününün ölkəmizdə də qeyd olunmasının əhəmiyyəti haqqında ətraflı məlumat verdilər. Qeyd olundu ki, ailə məsələsini hər zaman diqqətdə saxlayan ulu öndərimiz Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, ölkəmizdə gender bərabərliyinin təmin olunması, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda "Qadın Problemləri üzrə Dövlət Komitəsi"ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlərin üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir. Ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir. Bütün bunlar bir daha sübut edir ki, ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.