Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa ilk Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

18 may 2015 | 10:00

Azərbaycanın dilbər guşələrindən birinə çevrilən Ağstafa şəhəri bu günlərdə bayram libasına bürünüb. Birinci Avropa Oyunlarının məşəl estafetinin qarşılanacağı Heydər Əliyev prospektində qələbəlik idi. Hamı “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin gəlişini səbirsizliklə gözləyirdi.
Avropa Oyunlarının məşəli mayın 18-də günün ikinci yarısında Ağstafa şəhərinə gətirildi.  Fəal gənc, karateçi Namiq Həsənov Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının inzibati binasının qarşısında ağstafalıların gurultulu alqış sədaları ilə məşəli qəbul edərək, nəzərdə tutulan marşrut üzrə hərəkətə başladı. On məşəlçi 3120 metrə yaxın məsafədə məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti, N.Nərimanov, S.Ağamalıoğlu, H.Arif küçələri ilə hərəkət etməklə Heydər Əliyev adına mədəniyyət və istirahət parkından keçərək Azərbaycan parkına gəldilər. Sonuncu məşəldar qol güləşi üzrə məşqçi Nemət İbrahimli parkdakı Gənclər Mərkəzinin qarşısında qurulan səhnəyə qalxaraq məşəli alovlandırdı. O, bu cür məsuliyyətli və şərəfli  vəzifənin yerinə yetirilməsi ona həvalə edildiyi üçün fəxr etdiyini qeyd etdi. Bütün Ağstafa gəncləri adından cənab Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya bu cür möhtəşəm anları bizə yaşatdıqlarına görə dərin təşəkkürünü bildirdi.
Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çırağı karate üzrə Respublika çempionu Orxan Kazımlı mərasim iştirakçılarının alqışları ilə rayon ictimaiyyətinə təqdim etdi. Çıraq birinci Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx və “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi reklam çarxı nümayiş etdirildi.
Məşəlin Heydər Əliyev adına mədəniyyət və istirahət parkına daxil olması zamanı məktəblilər tərəfindən təqdim olunan fləşmob,  respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı və möhtəşəm atəşfəşanlıq ağstafalıların bayram sevincini daha da artırdı.
Ağstafa sakinləri ilk dəfə Avropa Oyunlarının məs ölkəmizdə keçirilməsi ilə qürur duyduqlarını ifadə edirlər. Yerli kütləvi informasiya vasitələrinə müsahibə verən sakinlərimizdən İbrahim Əliyev qeyd etdi ki, Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi hər bir azərbaycanlı kimi məni də sevindirir. Bu cür beynəlxalq yarışlara ev sahibliyi etmək heç də hər ölkəyə nəsib olmur. Özü də nəzərə alsaq ki, respublikamızın müstəqillik tarixi elə də çox deyil, o zaman bu Oyunların əhəmiyyəti daha da aydın olur. Fəxr edirəm ki, Azərbaycan kimi bir məmləkətimiz var. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.
Müəllimə Xəyalə Rüstəmova Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə Azərbaycan tarixə düşür. Bu Oyunlar sübut edir ki, Azərbaycan sürətli inkişaf yolundadır. Mədəniyyət beşiyi olan Azərbaycan qısa müddətdə “Eurovision” mahnı müsabiqəsinin qalibi kimi bu möhtəşəm musiqi bayramına ev sahibliyi etdi. Müstəqilliyini qazandığı gündən az müddət keçməsinə baxmayaraq, bu gün Azərbaycan ilk Avropa Oyunlarına da ev sahibliyi etməyə hazırlaşır. Bütün bunlar Azərbaycanın dünya birliyində artan nüfuzundan xəbər verir. Məmləkətimizə və idmançılarımıza uğurlar və qələbə arzulayıram.

Keçidlər