Qıraq Kəsəmən kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Qıraq Kəsəmən kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nurəddin Yaqubəliyev Qıraq Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Tofiq Şuşanov mərkəzi avtomobil yolundan Qıraq Kəsəmən kəndinin mərkəzi hissəsinədək olan yola asfalt örtüyünün salınmasının vacibliyindən danışdı.
2. Valeh Yaqubəliyev Yeni məhəlləyə təbii qaz xəttinin çəkilməsini xahiş etdi.
3. Sahilə Qocayeva Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman Kompleksinin inşa edilməsini təklif etdi.
4. Həmid Şükürov Yeni məhəllədə elektrik təsərrüfatının yaxşılaşdırılmasına ehtiyac olduğunu vurğuladı.
5. Sultan Hüseynova kəndarası yollarda təmir işlərinin aparılması barədə danışdı.
6. Nigar Yaqubəliyeva Qıraq Kəsəmən kənd körpələr evi - uşaq bağçasına istilik sisteminin quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
7. Əli Qocayev Yeni məhəlləyə içməli su xəttinin çəkilməsini xahiş etdi.
8. Sahib Yolçuyev mərkəzi avtomobil yolundan kəndin mərkəzi hissəsinədək işıqlandırma sisteminin quraşdırılmasını təklif etdi.
9. İsrail Nəzirli təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinin vacibliyi barədə danışdı.
10. Manikə Məmmədova müalicəsinə köməkdarlıq edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari ildə Qıraq Kəsəmən kənd körpələr evi - uşaq bağçasına istilik sisteminin quraşdırılması nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.