Milli Qurtuluş günü münasibəti ilə bayram tədbiri keçirildi
15 iyun Milli Qurtuluş günü münasibəti ilə Ağstafa rayonunda bayram tədbiri keçirildi. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və onun müavinləri, RİH başçısı aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edildi və abidə önünə gül dəstləri qoyuldu. Rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivlərinin, şəhid ailələri və Qarabağ əlillərinin, ziyalı və ağsaqqallarının iştirak etdiyi bayram tədbirində ötən əsrin 90-cı illərində ölkəmizin ictimai-siyasi həyatı bir daha yada salındı və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən xilas etdiyi qeyd olundu. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində göstərdiyi müstəsna xidmətləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, ulu öndərin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı və Azərbaycan Respublikası özünün inkişaf yoluna qədəm qoydu.
Tədbir geniş konsert proqramı ilə davam etdirildi. Milli Qurtuluş Günü bayramına həsr edilmiş konsert proqramında Ağstafa rayon mədəniyyət evinin musiqi ansamblının, Ağstafa şəhər uşaq musiqi məktəbinin şagirdlərinin ifasında mahnı və ədəbi bədii qiraət səsləndi. Yeniyetmə və gənc rəqqasların iştirakı ilə xalq rəqsləri ifa olundu.
Konsert proqramı hər bir ağstafalının ürəyincə oldu.