Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi
Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev müzakirəyə çıxarılan məsələlərin əhəmiyyəti barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunan uğurlu nəticələr, müasir idarəetmə metodlarının tətbiqi ilə yanaşı icra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkil sahəsində düzgün addımlar atılması ilə də xarakterizə olunur. Dövlət idarəetməsi sahəsində korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində Ağstafa rayonunda bir sıra işlər görülmüşdür. Bu sahələrdə əldə olunan uğurlarla yanaşı meydana çıxan nöqsanların aradan qaldırılması və yeniliklərin tətbiqinin sürətləndirilməsi üçün əlavə tədbirlər həyata keçirilir. Eyni zamanda rayonun mədəni- ictimai həyatı üçün əhəmiyyətli olan məsələlərə, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitq və çıxışlarının öyrənilməsi və mədəni kütləvi tədbirlərin təşkili məsələlərinə də toxunuldu.
Gündəliyə daxil olan məsələlər barəsində Ağstafa rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, başçının müavini Lalə Eyyubova, RİH Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov, Hüquq şöbəsinin müdiri Müşfiq Hüseynov arayışla çıxış etdilər.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin məlumatları dinlənildi.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.