Ağstafa şəhəri Heydər Əliyev prospektində səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev dekabr ayının 13-də Ağstafa şəhəri Heydər Əliyev prospektinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Nizami Əfəndiyev Heydər Əliyev prospektində təmizliyi qoruyub saxlamaq məqsədi ilə ona birləşən küçələrin xırlanmasının vacib olduğunu qeyd etdi.
2. İlqar Kərimov şəhərdə aparılan tikinti, quruculuq və abadlıq işləri zamanı ərazidə yaranan tozun qarşısının alınması üçün küçələrin maşınla mütəmadi sulanmasını xahiş etdi.
3. Gülnaz Orucova Heydər Əliyev prospektində müasir üslubda yeni avtobus dayanacağının quraşdırılmasını təklif etdi.
4. Fərid Hacıyev şəhərin mərkəzi küçələrinə əhalinin ümumi istifadəsində olan içməli su krantlarının quraşdırılmasını xahiş etdi.
5. İlqar Əliyev Heydər Əliyev prospektində məişət tullantılarının yığılması üçün qabların qoyulması Heydər Əliyev prospektində məişət tullantılarının yığılması üçün qabların qoyulmasını təklif etdi.
6. Fərhad Əliyev avtomobillərin sürətinin məhdudlaşdılması məqsədi ilə maneələrin quraşdırılmasının vacibliyindən danışdı.
7. Səyalı Abdullayeva rayon mərkəzindəki dəmiryolu və 110/35/10 kv yarımstansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin şəhərin kənarına çıxarılmasını təklif etdi.
8. Telman Məmmədov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
9. Səmayə Vəliyeva şəhərdə dahi şəxslərin şərəfinə yeni parkın yaradılması barədə danışdı.
10. Mayıl Axundov prospektdə nəqliyyatın hərəkətini tənzilmləyən yol nişanlarının qoyulmasını təklif etdi.
11. Rəna Abbasova Mərkəzi kitabxana darısqal və şəraitsiz olduğundan, yeni kitabxana binasının inşa edilməsinə ehtiyac olduğunu qeyd etdi.
12. Hüseyn Aslanov şəhərin küçələrinə asfalt örtüyünün salınması və küçə işıqlarının quraşdırılmasından danışdı.
13. Şəmistan Bağırov şəhərdə Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın inşa edilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün 86 mənzilli bütün lazımi avadanlıqlarla təmin olunacaq binaların tikintisi sürətlə davam etdirilir, M.Ə.Rəsulzadə küçəsində quruculuq işləri başa çatmaq üzrədir. Şəhərin Ü.Hacıbəyov küçəsinə asfalt örtüyünün salınması tam başa çatdırılmışdır.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.