Silahlı Qüvvələr Günü qeyd olundu
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarananmasının 97-ci ildönümü münasibətilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə tədbir keçirildi.
Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etdi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı. Sonra Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibətilə şəxsi heyətə ünvanlanmış məktubu oxundu. Hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini Ş.Məmmədov 3-cü ordu korpusunun komandanı general R.Əkbərovun bayram münasibətilə təbrik məktubunu və xidmətdə fərqlənən hərbi qulluqçuların mükafatlandırılması barədə əmrini elan etdi.
“N” saylı hərbi hissənin hərbi qulluqçularının və şəxsi heyətini bayram münasibətilə təbrik edən Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində ulu öndər Heydər Əliyevin xidmətlərinin böyük olduğunu qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin müasir hərbi texnika və sursatla təchiz edilməsi, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğuladı. Cənubi Qafqazın ən böyük ordusu olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal altında olan ərazilərimizi azad etməyə hər an hazır olduğu fikri bir daha qeyd olundu. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev tərəfindən “N” saylı hərbi hissəyə qiymətli hədiyyələr verildi.
“N” saylı hərbi hissənin komandiri polkovnik-leytenant İ.Mirzəyev bayram münasibətilə şəxsi heyəti təbrik etdi və xidmətdə fərqlənən bir sıra hərbi qulluqçulara fəxri fərman və digər mükafatlar verdi.
Daha sonra “N” saylı hərbi hissənin Xüsusi Təyinatlı Bölüyünün nümunəvi çıxışları oldu. Xüsusi Təyinatlı Bölüyün çıxışı əsgərlərin döyüş ruhunu daha da yüksəltdi.
Tədbir Ağstafa Rayon Mədəniyyət Evinin incəsənət ustalarının çıxışları ilə davam etdirildi.