Ağstafa rayon Mədəniyyət Evinin əsaslı təmir işləri yekunlaşır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli Sərəncamına uyğun olaraq Ağstafa rayon Mədəniyyət Evində aparılan əsaslı təmir və yenidənqurma işlərində son tamamlanma işləri aparılır.
Ağstafa rayon Mədəniyyət Evinin əsaslı təmir işləri çərçivəsində binanın əsas zal və inzibati otaqlarının yenidən qurulması başa çatdırılmış, müasir dekorasiya, yumşaq mebel inventarları ilə təmin edilmiş, ən son tələblərə cavab verən mərkəzi istilik və ventilyasiya sistemi, müasir akustika, səs gücləndirici və səhnə işıqlandırılması avadanlıqları quraşdırılmışdır. Mədəniyyət Evinin fasad və yan hissələrinə dekorativ üzlük daşlar vurulmuş, fasad hissəsində daşlardan oyma şəbəkə və xüsusi gecə işıqlandırılması sistemi quraşdırılmışdır. Bu da binanın xarici görünüşündə müasir və milli arlamentlərin sintezini təşkil etməklə Mədəniyyət Evinə xüsusi zahiri gözəllik verir. Mədəniyyət Mərkəzinin yanında yeni xiyaban salınmış, səki daşı düzülmüş və gecə işıqlandırılması təmin edilmişdir.
Binanın yerləşdiyi Eyvaz Qələmçəli küçəsində də əsaslı yenidənqurma işlərinə başlanılmışdır.