Azərbaycan Respublikasının Milli Qəhrəmanı Rafiq Alıcanovun 50 illik yubileyi Ağstafada təntənəli şəkildə qeyd edildi
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Rafiq Alıcanovun 50 illik yubileyi münasibətilə Ağstafa rayonunda tədbir keçirildi. Tədbir Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin, fəxri qonaqların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin və Milli Qəhrəman Rafiq Alıcanovun abidələrinin ziyarət ilə başlanıldı. Hər iki abidənin önünə gül dəstələri qoyuldu. Daha sonra Müdafiə Nazirliyinin nümunəvi orkestrinin ifası təqdim olundu.
Şəhərin S.Vurğun adına mədəniyyət və istirahət parkında açıq havada geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri tədbiri giriş sözü ilə nazirliyin rəsmisi Abdulla Qurbani açdı. Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanovun həyatından, hərbi xidmətindən və erməni işğalçılarına qarşı mübarizədə göstərdiyi şəxsi fədakarlığı və qəhrəmanlığını qeyd edən natiq bu tədbirin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirdi. Ağstafa rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov qonaqları salamladı, tədbirin mahiyyəti haqqında və Ağstafa rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Daha sonra söz alan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Universitetin kafedra müdiri, professor Xanhüseyn Kazımlı, Şəmkir korpusunun zabiti polkovnik Elşad Əmirov bu günün əhəmiyyəti, ordu ilə xalqın, dövlətlə hərbiçilərin sağlam vəhdətindən və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkədə ordu quruculuğuna və hərbiçilərə göstərdiyi qayğıdan danışdılar. QMƏVŞA İB-nın Ağstafa rayon şöbəsinin sədri Yaqub İsmayılov və rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli çıxış edərək rayonda bu tədbirin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirərək, şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs etdilər. Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında məlumatların səsləndirildiyi tədbirdə ictimaiyyət nümayəndələri, qəhrəmanın ailə üzvləri də çıxış edərək tədbirin təşkilində əməyi keçənlərə öz minnətdarlıqlarını çatdırdılar. Ağstafalıların böyük sevinc və fəxrlə iştirak etdiyi tədbirdə digər bölgələrdən də qonaqlar iştirak etdi. Azərbaycan Dövlət İqtisad Universitetinin professor- müəllim heyətinin və tələbə kollektivinin bir qisminin sırf bu tədbir üçün Ağstafaya gəlişi xüsusi ilə vurğulandı. Hərbi orkestrin müşayəti tədbirin daha təntənəli və əzəmətli keçməsini təmin etdi. Dövlət himninin, hərbi marşın və vətən sevgisinə aid mahnıların səsləndirilməsi iştirakçıları daha da təsirləndirdi. Tədbir təşkilatçıları daha sonra ön cəbhədə əsgərlərin görüşünə getdilər və Milli Qəhrəman Rafiq Alıcanovun Köçvəlli kəndindəki məzarını ziyarət etdilər.