İstehlakçıların hüquqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirildi
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Ağstafa rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Ağstafa rayon İcra hakimiyyətinin akt zalında “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirildi. Tədbirdə 100-dən çox istehlakçı iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Aydın Hacıyev tədbirin əhəmiyyəti barədə məlumat vermiş, həmçinin rayonda istehlakçıların hüquqlarının qorunması sahəsində rayon İcra hakimiyyəti tərəfindən həyat keçirilən işlərdən bəhs etmişdir.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda həyat keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinin istehlakçı hüquqlarının qorunması olduğunu, Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlərin daha da gücləndirildiyini vurğulamışdır. istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumat verən Araz Əliyev qurumun təşkilatçılığı, aidiyyəti qurumların, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların istehlakçı fəallığının artırılmasında əhəmiyyətini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Maarifləndirmə tədbirlərinin davamı olaraq, Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə istehlakçıların hüquqlarına dair 18 adda 52 mindən çox ədəd buklet, 6 adda 3200 ədəd yaddaş kitabçası hazırlanaraq paylanmışdır.
Bildirilmişdir ki, maarifləndirmə tədbirləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir. Belə ki, görülmüş tədbirlər nəticəsində 2015-ci ilin yanvar-may aylarında həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan müxtəlif növ ərzaq mallar satışdan çıxarılaraq məhv edilmişdir.
Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilmiş, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində qanunvericiliyin tələbləri, eləcə də Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir.
Konfransın sonunda istehlakçıların sualları cavablandırılmış, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır