Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon təhsil işçilərinin sentyabr konfransı keçirildi

03 sentyabr 2015 | 10:00

Bu gün Heydər Əliyev Mərkəzində Ağstafa rayon təhsil işçilərinin Sentyabr konfransı keçirilmişdir. Konfransda Milli Məclisin üzvü İlyas İsmayılov və Təhsil nazirinin müşaviri İlham Pirməmmədov iştirak edirdi.
İlk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları Mərkəzin foyesində müxtəlif əl işlərindən ibarət təşkil olunmuş sərgiyə tamaşa etdilər.
Heydər Əliyev Mərkəzinin böyük salonunda keçirilən konfransı giriş söz ilə
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq 2014-2015-ci tədris ilində rayonun təhsil sahəsində əldə etdiyi nailiyyətlər, orta ümumtəhsil müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi, təhsil işçilərinin sosial müdafiəsi sahəsində həyata keçirilən islahatlar və təhsil alanların təlim tədris şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən geniş danışdı. Qeyd olundu ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi elm və təhsil ənənələri bu gün uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqəti və qayğısı nəticəsində ölkəmizdə 2000-ə qədər yeni məktəb və əlavə korpuslar tikilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir. Eyni zamanda Ağstafada ümumtəhsil məktəblərində yeniləşmə və təhsilin infrastrukturunun yenilənməsi prosesi uğurla davam etdirilib. Şəhər, qəsəbə və kənd məktəblərinin hər birində cari təmir işləri aparılmış, məktəblərin istilik sistemləri nizama salınmışdır. Ötən tədris ilində Eynallı və Kolxəlfəli kənd məktəblərinin yeni inşa edilmiş binaları istifadəyə verilmişdir. 2003-cü ildən bəri rayonda 15 yeni məktəb binası tikilmişdir.
Sonra rayon təhsil şöbəsinin müdiri Fərhad Vəliyev 2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə dair geniş məruzə ilə çıxış etdi.
Qeyd olundu ki, dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Ağstafanın təhsil işçiləri də hər il uğurlu göstəricilərə nail olurlar. Sevindirici haldır ki, bu il ali məktəblərə daxil olan məzunların 51 nəfəri 500-dən yuxarı, 15 nəfəri 600-dən yuxarı, bal toplamışdır ki, bu da əvvəlki illərdən xeyli çoxdur. Məruzəçi keçən tədris ilində qazanılan digər uğurları da diqqətə çatdıraraq bildirdi ki, istər fənn olimpiadalarında, istər yazı inşa müsabiqələrində, istərsə də idman sahəsində bir sıra nailiyyətlər qazanılmışdır.
Konfransda ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyanın əhəmiyyəti barədə də fikirlər səsləndirilib və məktəblilərdə vətənpərvərlik hissinin yüksəldilməsində bu aksiyanın əhəmiyyəti vurğulandı.
Sonra qocaman müəllim Mahmud Məmmədov, Pirili kənd orta məktəbinin direktoru Arifə İbrahimova, Saloğlu qəsəbə orta məktəbinin direktoru Güloğlan Kərimov, Zəlimxan kənd orta məktəbinin direktoru Qalib Cəfərov, Kolxəlfəli kənd  orta məktəbinin  müəllimi Elxan Həsənli, Poylu kənd orta məktəbinin müəllimi Sevinc Həsənli, Ağstafa şəhər liseyinin müəllimi Ramiz Nəsirov, Saloğlu qəsəbə məktəbinin müəllimi Yaşar İsgəndərov və başqaları çıxış edərək gənc nəslin təlim-tərbiyəsinə daim diqqət yetirən və onların bilikli və savadlı yetişməsi üçün hər cür diqqət və qayğı göstərən dövlət başçısı İlham Əliyevə, eləcə də Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Milli Məclisin deputatı İlyas İsmayılov konfransda çıxış edərək bütün müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışdır. Təhsil Nazirliyinin nümayəndəsi İlham Pirməmmədov çıxışında  təhsilin indiki vəziyyətini təhlil etmiş və təhsildəki yeniliklərdən, aparılan islahatlardan ətraflı söz açmışdır.
     Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunmuşdur.
Təhsil Nazirliyinin nümayəndəsi İlham Pirməmmədov ötən tədris ilində “İlin ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibləri Ağstafa şəhər 1 saylı və Dağ Kəsəmən 1 saylı kənd orta məktəblərinin direktorlarına və “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri  liseyin müəllimi Ramiz Nəsirova və Saloğlu qəsəbə məktəbinin müəllimi Yaşar İsgəndərov diplom və mükafatlarını təqdim etdi.
Tədbirin sonunda Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qəbul imtahanlarında yüksək bal toplamış məzunlara və qabaqcıl təhsil işçilərinə qiymətli hədiyyələr və Ağstafa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ını  təqdim etdi.
Konfrans işgüzar şəraitdə keçdi.

Keçidlər