Ağstafa şəhəri Nüsrət Kəsəmənli və Eyvaz Qələmçəli küçələrində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhərində Nüsrət Kəsəmənli və Eyvaz Qələmçəli küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, içməli su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Səbinə Babayeva Nüsrət Kəsəmənli və Eyvaz Qələmçəli küçələrində fərdi yaşayış evlərinin kanalizasiya və içməli su xətlərinin şəbəkəyə qoşulmasının başa çatdırılması barədə danışdı.
2. Fərhad Əliyev Şıxəli Qurbanov küçəsində səkilərin qoyulması və küçəyə asfalt örtüyünün salınmasının vacibliyini qeyd etdi.
3. Fəridə Hacıyeva hər iki küçədə bardürlərin quraşdırılması və səkilərin yaradılmasına ehtiyac olduğunu qeyd etdi.
4. Firdovsi Heydərli Səməd Vurğun adına istirahət parkında və şəhərin küçələrində içməli su krantlarının quraşdırılması barədə danışdı.
5. Zərqələm Hüseynova hər iki küçədə aztəminatlı ailələrin yaşayış evlərinin fasadlarının bərpa edilməsini xahiş etdi.
6. Fəxrəddin Yusifov Şıxəli Qurbanov küçəsinə müasir tipli elektrik dayaqlarının quraşdırılmasını təklif etdi.
7. Adilə Əliyeva Nüsrət Kəsəmənli və Eyvaz Qələmçəli küçələrinə asfalt örtüyünün salınmasına ehtiyac olduğunu vurğuladı.
8. Şakir Yolçuyev hər iki küçədə elektrik, qaz və rabitə xətlərinin nizamlanmasına ehtiyac olduğunu bildirdi.
9. Kamal Mehdiyev Səməd Vurğun adına istirahət parkında oturacaqların sayının artırılmasını təklif etdi.
10. Elbrus Həsənov Nüsrət Kəsəmənli və Eyvaz Qələmçəli küçələrinə asfalt örtüyünün salınmasından sonra yol hərəkəti nişanlarının quraşdırılması barədə danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, şəhər Mədəniyyət evində əsaslı təmir işləri başa çatmaq üzrədir və cari ildə istismara verilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.