Beynəlxalq müəllimlər günü qeyd edildi
Beynəlxalq Müəllimlər günü münasibəti ilə Ağstafa rayon İcra hakimiyyəti tərəfindən Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstləri qoydu, ulu öndərə hörmət və ehtiramlarını bildirdilər.
Heydər Əliyev Mərkəzinin keçirilən tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bu günün tarixi, ölkəmizdə aparılan təhsil siyasətinin prioritetləri, müəllimlərə göstərilən diqqət və qayğıdan söhbət açdı. Qeyd olundu ki, Ağstafada da bu istiqamətdə ardıcıl iş aparılır, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və məktəblərdə əmək şəraitinin yaxşılaşdırılması sahəsində mühüm işlər görülür. Ötən tədris ilində rayonun iki məktəbi- Ağstafa şəhər 1 saylı və Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbləri “İlin ən yaxşı orta ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi, iki nəfər müəllim- Ağstafa şəhər Humanitar Texniki təmayüllü liseyin tarix müəllimi Ramiz Nəsirov və Saloğlu qəsəbə məktəbinin hərbi müəllimi Yaşar İsgəndərov isə ilin ən yaxşı müəllimi nominasiyasının qalibi olmuşdur. Beynəlxalq müəllimlər günü münasibəti ilə rayon təhsilindəki fəaliyyətində fərqlənən bir neçə nəfər müəllim Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı və qiymətli hədiyyələrlə təltif edildi.
Daha sonra çıxış edən rayon Təhsil şöbəsinin müdir müavini, əməkdar müəllim Sakit İsmayılov, Texniki-humanitar təmayüllü liseyin direktoru Nağı Nağıyev, Dağ Kəsəmən kənd 1 saylı orta məktəbin direktoru Mahir Nəbiyev və başqaları onlara göstərilən diqqət və qayğıdan minnətdarlıqla danışdılar, öz sevinclərini və əldə etdikləri uğurları dilə gətirdilər.
Tədbir Hüseyn Arif adına Ağstafa şəhər uşaq musiqi məktəbinin kollektivinin hazırladığı maraqlı konsert proqramı ilə davam etdirilmişdir.