Eynallı kəndində səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev dekabr ayının 26-da rayonumuzun Eynallı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Eynallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şakir Hüseynov Eynallı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Vaqif Hüseynov Eynallı kəndinin aşağı yaşayış məhəlləsində bəzi yararsız elektrik dayaqlarının yenisi ilə əvəz olunmasına ehtiyac olduğunu qeyd etdi.
2. Həsənəli Rəhimov iş yerlərinin açılması barədə danışdı.
3. Cəbrayıl Hüseynov yaşayış evinin üzərindən keçən 10 kvt-luq elektrik xəttinin yerinin dəyişdirilməsini xahiş etdi.
4. İlyas Məmmədov akinlərin təhlükəsizliyinin təmin edilməsi üçün kəndin ərazisindən keçən dəmir yolu xəttinin üzərində gözlənilən keçidin quraşdırılmasını təklif etdi.
5. Möhsüm Paşayev Eynallı kənd tam orta məktəbi qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsinin vacibliyindən danışdı.
6. Zöhrab Zeynalov İstehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarın inşa edilməsini təklif etdi.
7. Akifə Rzayeva Ağstafa şəhərində Mərkəzi kitabxana darısqal və şəraitsiz olduğundan, yeni kitabxana binasının inşa edilməsi barədə danışdı.
8. Məleykə Qurbanova çay ətrafı adlanan ərazidə yolun təmir edilməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. 2013-cü ilin dövlət büdcəsi sosial yönümlüdür. 2013-cü ildə əmək haqlarının, pensiya və müavinətlərin artırılması nəzərdə tutulmuşdur. Qeyd edildi ki, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı ilə əlaqədar rayonda bir sıra işlər görülmüşdür. Eynallı kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olduğu nəzərə alınaraq yeni məktəb binasının tikintisi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuşdur.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.