2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Ağstafa rayon İcra hakimiyyəti başçısı yanındakı Şuranın iclasında ətraflı müzakirə olundu. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, həmçinin ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Şura iclasını sədrlik edən cənab Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafına həsr olunmuş iclası barədə məlumat verərək qeyd etmişdir ki, 9 ay ərzində ölkə iqtisadiyyatı 3,7 faiz artmış, ümum daxili məhsulun səviyyəsi yüksəlmiş, sənaye istehsalı 2.1 faiz, qeyri-neft sənayesi 10.0 faizdən çox artmışdır. İnflyasiya cəmi 3,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyərək 5,8 faiz artmışdır. Kənd təsərrüfatında 6,7 faiz artım olmuşdur. 2015-ci ilin 9 ayında ölkəmizdə 87 min yeni iş yeri yaradılmışdır ki, onlardan 67 mini daimi iş yeridir. Hesabat dövrü ərzində ölkə iqtisadiyyatına 16 mlrd. manat investisiya yatırılmışdır. 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir edilmişdir. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsində olmuşdur.
“2015-ci ilin 9 ayında Ağstafa rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev geniş məruzə ilə çıxış etdi. Qeyd edildi ki, Ağstafa rayonunda da 2015-ci ilin 9 ayı ərzində əldə olunan nailiyyətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Hesabat məruzəsində bildirildi ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin 9 ayında Ağstafa rayonunda Ümumi məhsul buraxılışının həcmi 6,4 faiz, o cümlədən sənaye məhsulunun həcmi 6,8 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 16,5 faiz, tikinti işlərinin həcmi 16,8 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 5,3 faiz artmışdır. Cari ilin yanvar-sentyabr aylarında rayonda nəqliyyat və rabitə xidmətlərinin həcmi 0,2 və 1,7 faiz artmışdır. 2015-ci ilin 9 ayında rayonda əsas kapitala yönəldilən investisiyanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.5 faiz çoxalmışdır. Rayonda orta aylıq nominal əmək haqqı 1.1 faiz artaraq 241.7 manat olmuş, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 1.6 faiz artım qeydə alınmışdır. Hesabat dövründə rayonun demoqrafik vəziyyətində artım dinamikası müşahidə edilmişdir. Belə ki, ilin 9 ayı ərzində 448 nikah kəsilmiş, 61 boşanma faktı qeydə alınmış, 1018 körpə dünyaya gəlmiş, əhalinin təbii artımı 563 nəfər olmuşdur. 2015-ci ilin 9 ayında rayonda 554 yeni iş yeri aşılmışdır, onun da 473-ü (85,4%) daimi iş yeridir.
Cari ildə rayonda abadlıq, yenidən qurma və tikinti işlərinin sürətlə aparılması təmin olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli Sərəncamına uyğun olaraq əsaslı təmir işləri aparılan Ağstafa rayon Mədəniyyət Evində işlər başa çatdırılmış, Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir. Hazırda Ağstafa şəhərinin Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində yenidənqurma işləri aparılır. Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və Bərpa mərkəzinin əsaslı təmiri və yenidən qurma işləri, eləcə də RMX-nin doğum şöbəsində aparılan təmir işləri yekunlaşmışdır. Poylu kəndində 55 yerlik uşaq bağçası-körpələr evinin tikintisinin layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır. Rayonun Ermənistanla həmsərhəd olan Köhnəqışlaq kəndində yeni 108 şagird yerlik məktəb binasının tikilməsi üçün layihələndirmə işləri aparılır. Rayonun Kür çayının sol sahilində yerləşən 11 yaşayış məntəqəsinin qazlaşması üçün daşıyıcı qaz xəttinin çəkilişi davam edir. Hesabat dövründə Saloğlu və Soyuq bulaq qəsəbələrində əhaliyə qazın verilməsi təmin edilmiş və hazırda Qarayazı, Soyuq bulaqlar qəsəbələri və Köçvəlili kəndində sayğacların quraşdırılması işi başa çatmaq üzrədir. Yaxın günlərdə hər üç yaşayış məntəqəsinə təbii qazın verilməsi bərpa olunacaqdır. Şura iclasında gündəlikdə duran digər məsələlər da müzakirə edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edilmiş Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin müdiri Yusif Nəsibova “Tərəqqi” medalı təqdim edildi. Həmçinin prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə rayon prokuroru Aslan Surxayev və prokurorluğun iki əməkdaşı, eləcə də 2015-ci ilin 9 ayı ərzində rayonun sosial-iqtisadi inkişafı istiqamətində səmərəli əmək fəaliyyətinə görə rayonun bir qrup meliorasiya işçisi Ağstafa rayonu İcra hakimiyyətinin “Fəxri Fərman”ları ilə təltif edildilər.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və konkret tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.