Göycəli kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Göycəli kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmsi Abbasov Göycəli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Hadı Əliyev kəndin mərkəzi hissəsində olan subartezian quyusunun təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Cavanşir Məmmədov Göycəli kəndinə suvarma beton kanalının çəkilməsini təklif etdi.
3. İradə Salahova kəndarası yolların təmirə ehtiyac olduğunu vurğuladı.
4. Kamilə Əhmədova Göycəli kənd körpələr evi uşaq bağçası uyğunsuz binada yerləşdiyi üçün yeni binanın inşa edilməsi barədə danışdı.
5. Namiq Kərimov kəndin girişində olan yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsinin vacibliyini qeyd etdi.
6. Mikayıl Əliyev kəndin mərkəzində olan istirahət parkında təmizlik və abadlıq işlərinin aparılması barədə danışdı.
7. Brilyant Yusifova Ağstafa-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulmasına ehtiyac olduğunu qeyd etdi.
8. Tacəddin Quliyev “Qolpun” dərəsində yığılan məişət tullantılarının təmizlənməsini xahiş etdi.
9. Mələk Əhmədova kəndi içməli su ilə təmin edən su xəttində təmir işlərinin aparılması barədə danışdı.
10. Vüqar Abbaslı təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinə ehtiyac olduğunu qeyd etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Göycəli kənd körpələr evi uşaq bağçası uyğunsuz binada yerləşdiyi üçün növbəti ildə yeni binanın inşa edilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.