Çövkən üzrə 4-cü Azərbaycan çempionatında “Ağstafa” komandası bürünc medal qazandı
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində “Çövkən” Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan Çempionatı başa çatıb. Yarışların əsas məqsədi, ölkədə qədim atüstü oyunların xalq arasında daha geniş yayılması, atçılıq idmanının inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsindən ibarət olub. Yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 24 komanda iştirak edib. Ötən il Şəki şəhərində təşkil olunan Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalında keçirilən Çövkən Çempionatında ilk 8 yeri tutmuş komanda yarışa 1/8 final mərhələsindən qoşulub. Çempionatın gedişində məhz həmin komandalar fərqləniblər. Gərgin mübarizə şəraitində keçən Azərbaycan çempionatında “Sərhədçi” komandası 1-ci yerə, “Polad” komandası 2-ci yerə çıxmış, Ağstafa komandası isə bürünc medallara layiq görülmüşlər.
Qaliblərə habelə yarışda fərqlənən digər komandalara mükafatları federasiyanın prezidenti Elçin Quliyev təqdim etmişdir.