Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi
Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev müzakirəyə çıxarılan məsələlərin əhəmiyyəti barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunan uğurlu nəticələr Ağstafa rayonunun timsalında da özünün göstərir. Cari ilin son aylarında rayonda sosial-iqtisadi inkişafı sahəsində əldə olunan göstəricilər 2015-ci ilin də uğurla başa vurulacağına inam verir. Ağstafa rayonunda ictimai-siyasi sabitliyin qorunmasında mühüm əhəmiyyəti olan ictimai təşkilatlar, siyasi partiyalarla və kütləvi informasiya vasitələri ilə aparılan işin qanunauyğun tənzimlənməsi barədə məlumat verildi. Eləcə də “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasının, dini sabitliyin təmin olunması istiqamətində son ildə görülən işlər qeyd edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayonda iri fermer təsərrüfatlarının yaradılması və kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsi məqsədi ilə mövcud torpaq fondundan səmərəli istifadə sahəsində məqsədyönlü iş aparıldığı diqqətə çatdırıldı. Şura iclasında Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının icrasının təmin olunması, çağırışdan yayınma hallarının qarşısının alınması sahəsində görülən işlər barədə də müzakirə aparıldı.
Gündəliyə daxil olan məsələlər barəsində Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova, RİH Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ramiz İmanov və hüquq şöbəsinin müdiri Müşfiq Hüseynov arayışla çıxış etdilər.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin məlumatları dinlənildi.
Tədbirdə Binə Atçılıq Mərkəzində keçirilən “Çövkən” Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan Çempionatında bürünc medal qazanmış “Ağstafa” komandası Ağstafa rayon İcra hakimiyyətinin “Fəxri Fərmanı” və qiymətli hədiyyələrlə təltif olundu.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.