Ağstafa şəhərində növbəti səyyar-qəbul görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhərində Rafiq Alıcanov küçəsi 1 və 2 saylı çoxmənzilli yaşayış binalarının sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhərində görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Səyyar qəbulda iştirak edən vətəndaşlar bir sıra təkliflər səsləndirdilər. Hər iki yaşayış binasının dam örtüyünün, fasadının və pilləkan boşluğunun yenidən qurulması, Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman Kompleksinin inşa edilməsi, binaların ətrafında abadlıq işlərinin aparılması, elektrik xətlərinin yenidən qurulması, ərazidə olan təbii qaz xətlərinin nizamlanması, hər iki binanın mənzillərinə istilik sisteminin quraşdırılması, ümumi kanalizasiya xəttinin bərpa edilməsi, yaşayış binalarının yaxınlığında məişət tullantıları üçün sahənin seçilməsi və konteynerlərin quraşdırılması xahiş olundu.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi. Qeyd olundu ki, cari ildə Ağstafa şəhəri Rafiq Alıcanov küçəsi 1 və 2 saylı çoxmənzilli yaşayış binalarında dam örtüyünün, fasadının, pilləkan boşluğunun yenidən qurulması nəzərdə tutulmuşdur və bu istiqamətdə aparılan işlər daim diqqət mərkəzində saxlanılır.