Qarahəsənli kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Qarahəsənli kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qarahəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz İsgəndərov Qarahəsənli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev kənd sakinlərini salamlayaraq onların təkliflərini və narahat edən məsələləri dinlədi.
Sakinlər Qarahəsənli kənd orta məktəbinin tam orta məktəbə keçirilməsi, ərazidə bir ədəd subartezian quyusunun qazılması, ərazidə olan yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi, Qarahəsənli kənd orta məktəbinə istilik sisteminin quraşdırılması, kəndarası yolların təmiri, kənd körpələr evi-uşaq bağçası qəzalı vəziyyətdə olduğundan yeni binanın inşa edilməsini, “yuxarı məhəllə”də elektrik transformatorunun təmiri, Qarahəsənli kəndinə yeni çəkilmiş suvarma beton kanalının kəndin aşağı məhəlləsinədək uzadılması təklifləri ilə çıxış etdilər.
Cənab Məhərrəm Quliyev sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə yerindəcə konkret tapşırıqlarını verdi. Qeyd olundu ki, növbəti ildə ərazidə bir ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.