12 noyabr Konstitusiya Günü qeyd olundu
Bu gün Ağstafa rayonu Heydər Əliyev Mərkəzində 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbirdə çıxış edənlər, Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova, rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Müşfiq Hüseynov, rayon Prokurorluğunun əməkdaşı Anar Cəfərov, qabaqcıl tarix müəllimi Sevda Əliyeva və digər natiqlər konstitusiyaya dair geniş məruzələrlə çıxış etdilər. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edilmişdir. Bunun üçün Prezident Heydər Əliyevin sədrliyi ilə xüsusi konstitusiya komissiyası təşkil olunur. Komissiyanın ilk iclasında layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyulur. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin iclasda Prezident Heydər Əliyev yaranacaq yeni konstitusiyanın əsas prinsiplərini necə olacağını bəyan edir. Konstitusiya layihəsinin müəllifi ulu öndər Heydər Əliyev hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf etmişdir. Layihə tam hazır olduqdan sonra 1995-ci ilin oktyabrın 15- də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu. Cəmiyyətin demək olar ki , bütün təbəqələri müzakirələrə cəlb edildi .Təkliflər nəzərə alınmaqla layihənin yekun variantı 1995-ci ilin noyabrın 12- də referendum yolu ilə qəbul edildi. Azərbaycanın ilk konstitusiyası dövlət hakimiyyətinin hakimiyyətlərin bölgüsü prinsipi əsasında təşkil olunduğunu müəyyən etdi .Təkcə bir faktı demək kifayətdir ki , Konstitusiyanın 158 maddəsindən 57-sində və üç fəsildən birində insan hüquq və azadlıqları təsbit edilirdi ki, bu da gənc müstəqil Azərbaycanın demokratik və hüquqi cəmiyyət qurmaq məramında olduğunu təsdiq edirdi. Bu Heydər Əliyev konstitusiyası idi ki, onun əsas prinsipləri azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanmışdı. Bu Ali sənəd ölkədə həyata keçirilən hüquqi – demokratik islahatlar üçün möhkəm bir təməl idi. Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi başlanğıcında da məhz, ümummilli Lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk konstitusiyası dayanır.