Köçvəlili kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Köçvəlili kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Naqif Osmanov Köçvəlili kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qeyd olundu ki, Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Köçvəlili kəndini və Soyuqbulaq qəsəbəsini əhatə edir. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər vurğulandı.
Sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev kənd sakinlərini salamlayaraq onların təkliflərini və kənddə narahatçılıq yaradan məsələləri dinləməyə hazır olduğunu bildirdi. Öz növbəsində səyyar qəbulda iştirak edən sakinləri kəndarası yolların təmiri, Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman Kompleksinin inşa edilməsi, ərazidə olan yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi, təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsi, Köçvəlili kənd tam orta məktəbinə istilik sisteminin quraşdırılması, pay torpaqlarına gedişin asanlaşdırılması üçün su keçidlərinin quraşdırılması, Gəncə-Böyuk Kəsik elektrik qatarının bərpa edilməsinə köməkdarlıq göstərilməsi kimi təkliflərlə çıxış etdilər. Cənab Məhərrəm Quliyev sakinlər tərəfindən səsləndirilən təkliflərin icrası üçün rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdirlərinə və müvafiq təşkilat rəhbərlərinə yerindəcə konkret tapşırıqlarını verdi. Qeyd olundu ki, növbəti ildə Köçvəlili kənd tam orta məktəbinə istilik sisteminin quraşdırılması nəzərdə tutulmuşdur.