Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Fizioterapiya və Tibbi Bərpa şöbəsinin əsaslı təmirdən sonra açılışı oldu

16 dekabr 2015 | 11:00

Bu gün Ağstafa rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və Tibbi Bərpa şöbəsinin inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, səhiyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq ilk növbədə bu münasibətlə ağstafalıları təbrik etdi. Qeyd olundu ki, ölkəmizdə bütün sahələrlə yanaşı səhiyyə sahəsinə də  yüksək diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən ən yüksək standartlara cavab verən səhiyyə ocaqları, diaqnostika mərkəzləri tikilib istifadəyə verilir. Mövcud səhiyyə obyektlərinin maddi-texniki bazası gücləndirilir, əhalinin müntəzəm olaraq pulsuz tibbi müayinədən keçirilməsi təmin olunur.
Sonra rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayev çıxış edərək əsaslı təmir olunmuş Fizioterapiya və Tibbi Bərpa şöbəsi barədə ətraflı məlumat verdi. Şöbədə masaj, EKQ funksional diaqnostik otaqlar və UVC, ultrasəslə müayinə kabinetləri yüksək şərait və yeni avadanlıqlarla təchiz olunmuşdur. Ərazidə abadlıq və yenidənqurma işləri aparılmışdır.
Rayon Doğum şöbəsinin müdiri Ayidə Məmmədova və ağsaqqal Mahmud Məmmədov çıxış edərək rayon sakinləri adından bu cür qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Daha sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev tədbir iştirakçıları ilə birlikdə Fizioterapiya və Tibbi Bərpa şöbəsində yaradılmış şəraitlə yaxından tanış oldular.

Keçidlər