20 YANVAR FACİƏSİNİN 26-CI İLDÖNÜMÜ QEYD OLUNDU
20 yanvar faciəsinin 26-cı ildönümü münasibəti ilə Ağstafa rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Anım tədbirində rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Anım tədbirində Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon İcra hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri əklil və gül dəstələri qoymuş, şəhidlərin məzarları üzərinə tər qərənfillər düzülmüş, ölkəmizin azadlığı və suverenliyi naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
Anım tədbirində həzn musiqi sədalarının müşaiyəti ilə şəhidlərin qəhrəmanlığını vəsf edən şerlər söylənilmişdir. Daha sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev şəhid ailələri ilə görüşmüş və onlara dərin hüznlə baş sağlığı vermişdir.
Həmçinin bu gün Ağstafa rayonunun Vurğun qəsəbəsində 20 yanvar şəhidi Əzizov Habil Kommunar oğlunun qəbri, Ağstafa şəhərində, Xətai, Göycəli və Dağ Kəsəmən kəndlərində Azərbaycanın Milli Qəhrəmanları Rafiq Alıcanovun, İlham Həsənovun, Novruz Qurbanovun və Arif Qədiməliyevin büstləri də ziyarət edilmişdir.