Tatlı kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Tatlı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qoşqar Hüseynov Tatlı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra cənab Məhərrəm Quliyev səyyar qəbulda iştirak edən kənd sakinlərini dinlədi. Sakinlər Yaradullu kənd orta məktəbinin binası qəzalı vəziyyətdə olduğu üçün yeni binanın inşa edilməsi, içməli su təminatının yaxşılaşdırılması, 2 saylı Tatlı kənd körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinin aparılması, kəndin ərazisində iki ədəd subartezian quyusunun qazılması, kənddə suvarma beton kanalının çəkilməsi, məhəllədaxili yolların təmiri, Ağstafa-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması, kəndin mərkəzində böyük gücə malik elektrik transformatorunun quraşdırılması, kənd həkim məntəqəsi üçün yeni binanın inşa edilməsi kimi təkliflərlə çıxış etdilər.
Rayon İcra hakimiyyətinin başçısı sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə yerində konkret tapşırıqlarını verdi. Qeyd olundu ki, cari ildə Ağstafa-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur.