Ağstafada Gənclər Günü qeyd olundu
Bu gün Ağstafa rayonunda 2 fevral Gənclər Günü münasibəti ilə geniş tədbir keçirildi.
Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon gəncləri iştirak edirdi. Tədbir iştirakçıları öncə Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Ağstafa şəhəri, “Yazıçılar Evi”ndə keçirilən tədbirdə öncə binanın foyesində rayonun yeniyetmə və gənclərinin əl işlərindən ibarət sərgiyə tamaşa edildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bütün gəncləri bu münasibətlə səmimi qəlbdən təbrik etdi. Qeyd olundu ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, gənclərimizə qayğı və dəstək göstərilməsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhs onun təşəbbüsü ilə 1996-cı ilin 2 fevralında Azərbaycan gəncliyinin birinci forumu keçirilmiş, daha sonra gənclər üzrə dövlət siyasətini tənzimləmək üçün Gənclər və İdman Nazirliyi təsis edilmişdir. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayon gənclərinin ictimai, elm, idman və mədəni sahələrdə fəallığının təmin edilməsi, eləcə də onların məsul dövlət vəzifələrində irəli çəkilməsi istiqamətində zəruri addımlar atılmışdır. Gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, müasir dünya görüşünün formalaşdırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün müasir tələblərə cavab verən rayon Gənclər Mərkəzi yeniyetmə və gənclərimizin ixtiyarına verilmişdir.
Sonra 2015-ci il ərzində öz sahələrində əldə etdikləri nailiyyətlərə görə on bir nəfər rayon gənci, Məmmədov Vüsal Nizami oğlu, Tomayev Nöfəl Kərim oğlu, Əliyeva Mətanət Davud qızı, Bayramova Zeynab Elçin qızı, Mustafayeva Rəşadət Rəşad qızı, Həsənli Cavidan Arif oğlu, Dərziyev Elmir Tahir oğlu, Ərəbov Qoca Ərəb oğlu, Əliyeva Nurlanə Arif qızı, İsmayılov Elvin İlham oğlu və İsmayılov Rəhman Arzu oğlu Ağstafa rayon İcra hakimiyyətinin “Fəxri Fərman”ları və qiymətli hədiyyələrlə təltif edildi.
Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov 2015-ci il ərzində idarə tərəfindən görülmüş işlər barədə geniş hesabat verdi.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirildi.