Təhsil naziri Ağstafada oldu
Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun rayon ictimaiyyəti ilə görüşü keçirilmişdir. Görüşdə Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də Təhsil Nazirliyinin məsul şəxsləri iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Ağstafa şəhəri Heydər Əliyev adına parkda Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə giriş sözü ilə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev qeyd etdi ki, 2016-cı ilin keçən dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişaf məsələləri ilə bağlı üç müşavirə keçirilmişdir. Regionların inkişafı dövlət proqramlarının ikinci ilinin yekunlarına həsr olunmuş müşavirədə cənab Prezident tərəfindən verilən tapşırığa uyğun olaraq nazir və komitə sədrləri bölgələrdə vətəndaşlarla görüş keçirir. Bu gün Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun Ağstafa sakinləri ilə keçirilən görüşünün səmərəli olacağına inam ifadə etdi. Qeyd olundu ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən antiböhran tədbirləri nəticəsində ölkəmiz bu böhrandan daha az zərərlə çıxır. Ölkə Prezidenti tərəfindən aztəminatlı ailələrin sosial müavinət və pensiyaları, eləcə də büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqları artırılmışdır. Ölkəmizin daxili siyasətdə əldə etdiyi uğurlar, beynəlxalq təşkilatlarla münasibətlərdə və xarici siyasət kursunda da uğurlu nəticələrin əldə edilməsinə imkan yaradır.
Təhsil naziri Mikayıl Cabbarov ölkə rəhbərinin tapşırığına müvafiq olaraq Ağstafa rayonunda olduğunu bildirdi. Nazir bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədi əhalini dinləmək, fikir və təkliflərini öyrənmək, qaldırılan məsələlərin həllinə nail olmaqdır. Ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunan uğurlu nəticələr təhsil sahəsində də islahatlar həyata keçirməyə imkan yaradır. Mikayıl Cabbarov görüşdə Regional təhsil idarələrinin yaradılması layihəsinin əsas məqsədini açıqladı. Bildirdi ki, 2016-cı il yanvarın 1-dən regional maliyyə hesablaşma idarələri fəaliyyətə başlayıb. Bu proses davam edir və bu il may ayının sonuna qədər başa çatacaq. Regional təhsil idarələrinin yaradılması layihəsinin əsas məqsədi təhsil sahəsinə yönəlmiş sərmayələrin daha səmərələri istifadəsi nəticəsində təhsil sistemində nailiyyətlərin daha da yüksəldilməsinə xidmət edəcəkdir.
Görüşdə iştirak edən rayon sakinləri son illərdə Ağstafada xeyli sayda yeni məktəb binası tikilməsini yüksək qiymətləndirmişlər. Lakin bildirilmişdir ki, hələdə illər öncə tikilən və hazırda qəzalı vəziyyətdə olan məktəb binaları vardır və onların təmiri üçün müraciətlər edildi.
Görüş işgüzar şəraitdə keçdi.