Ağstafada şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış mənzilləri təqdim olundu
Bu gün Ağstafa Rayon İcra Hakimiyyətində imtiyazlı mənzil növbəsinə dayanan şəxslərin siyahısı üzrə fərdi yaşayış mənzillərinin təqdimetmə mərasimi oldu.
Mərasimdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Nazirliyin və rayon İcra hakimiyyətinin məsul işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk növbədə yeni mənzil sahiblərini səmimi qəlbdən təbrik etdi. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu sosial siyasət nəticəsində ölkəmizdə şəhid ailələrinin və digər aztəminatlı ailələrin mənzil məişət şəraitinin ildən-ilə yaxşılaşdırılması həyata keçirilir. Təkcə bir faktı qeyd edim ki, dövlət proqramlarının icra edildiyi dövr ərzində Ağstafa rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 84 mənzildən ibarət 4 yaşayış binası və 6 fərdi mənzil tikilərək istifadəyə verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov öz çıxışında qeyd etdi ki, bu mənzillərin istifadəyə verilməsi ilə bir neçə şəhid və Qarabağ müharibəsi əlilinin mənzil şəraitinin yaxşılaşdırılması həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq aztəminatlı ailələr üçün yeni mənzillərin tikintisi gələcəkdə də davam etdiriləcəkdir.
Sonra Şəhid ailələrinin üzvləri Ağstafa şəhər sakini Hüseynova Sevda Hüseyn qızı, Qıraq Kəsəmən kənd sakini İsmayılova Səkinə Qəşəm qızına və Qarabağ müharibəsi əlilləri Köhnəqışlaq kənd sakini Ələkbərov Vəli Nəsib oğlu, Dağ Kəsəmən kənd sakini Qafarov Elxan Faiq oğluna yeni fərdi yaşayış mənzillərinin açarları və müvafiq sənədləri təqdim olundu.
Tədbirdə iştirak edən rayon ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara, habelə bu döyüşlərdə şəhid olmuş insanların ailələrinə dövlət qayğısının artmasının bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıblar. Fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edilmələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra tədbirlərin iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.