Ağstafa rayon İcra hakimiyyəti başçısının hesabat yığıncağı keçirildi
24 fevral 2016-cı il tarixdə Ağstafa rayon İcra hakimiyyətinin akt zalında “Ağstafa rayonunun 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə” rayon İcra hakimiyyəti başçısının hesabat yığıncağı keçirildi.
Yığıncaqda Azərbaycan Respublikası Milli Məclisinin üzvü Nizami Cəfərov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev iştirak edirdi.
“Ağstafa rayonunun 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə” rayon İcra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev geniş məruzə ilə çıxış etdi. Qeyd olundu ki, 2003-cü ildən başlayaraq rayon iqtisadiyyatının həcminin artması və dinamik inkişafı müşahidə olunur. Ötən dövr ərzində rayon əhalisinin sayı 76,5 min nəfərdən 85,4 min nəfərə çatmışdır. 2003-cü illə müqayisədə 2015-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 5.5 dəfə, sənaye məhsulunun ümumi həcmi 5.7 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 3.0 dəfə tikinti işlərinin həcmi 27.0 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 29.2 dəfə artmışdır. Ötən dövr ərzində rayonda adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 4.9 dəfə, əhalinin gəlirləri 5.2 dəfə artmışdır. Rayonda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və kənd təsərrüfatında özəl qurumların inkişafına xüsusi diqqət verilmişdir. Təsadüfi deyil ki, Ağstafa rayonunda ümumi məhsul istehsalının 70 faizdən çoxu qeyri-dövlət qurumlarının payına düşür, rayonda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 5500-dən artıqdır. Sahibkarlığın inkişafına verilən dəstəklə yanaşı rayonda yeni iş yerlərinin yaradılması, müəssisələrin öz fəaliyyətini bərpa etməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, Regionların İnkişafı Dövlət Proqramının icra edildiyi dövr ərzində rayonda 11 mindən artıq yeni iş yeri yaradılmışdır.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları”nın həyata keçirildiyi dövr ərzində rayonda əlil və şəhid ailələri üçün ümumilikdə 84 mənzilli 4 yaşayış binası, YAP rayon təşkilatının yeni inzibati binası, Gənclər Mərkəzi, Yazıçılar evi, Yay kinoteatrı, Ağstafa Atıcılıq və Payntboll Mərkəzi tikilmiş, Dövlət Bayrağı meydanı, Tarixi və müasir abidələr parkı salınmış, Ağstafa-Sadıqlı-Gürcüstan dövlət sərhədi, Poylu-Xətai-Yenigün-Aşağı Göycəli, Poylu-Düzqışlaq-Kolayır avtomobil yolları tikilərək istifadəyə verilmişdir. Ötən dövr ərzində rayonda qəzalı və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün 129 mənzildən ibarət 4 yaşayış binası, Maliyyə şöbəsi, DSMF-nin rayon şöbəsi, Statistika idarəsi, Baytarlıq laboratoriyası üçün inzibati binalar, 15 yeni məktəb binası və 3 həkim məntəqəsi tikilmişdir. Rayonda aqrar sahənin inkişafı üçün “Ağstafasüd MMC”, “Ağstafa Aqroservis” MMC, “Akkord” tikiş fabriki istifadəyə verilmişdir. Son illərdə rayonda aparılan abadlıq və tikinti quraşdırma işlərinin həcmi artırılaraq Səməd Vurğun adına park, Şəhər stadionu, Mərkəzi Rayon Xəstəxanası, Rəsm Qalereyası və Ağstafa şəhərinin 12 küçəsi yenidən qurulmuş və əsaslı təmir edilmişdir, 25 çoxmənzilli yaşayış binasında təmir işləri başa çatdırılmışdır.
2015-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika saxlanılmış və daha da yüksəlmişdir. 2015-ci il ərzində rayon iqtisadiyyatı daha da inkişaf etmiş, ümumi məhsul buraxılışının həcmi 142,5 milyon manata çatmışdır. Ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun həcmində 1,0 faiz, kənd təsərrüfatı məhsulları istehsalının həcmində 8,5 faiz, tikintidə 5,9 faiz, nəqliyyat xidmətində 6,1 faiz, rabitə xidmətində 2,4 faiz, ticarətdə 10,6 faiz artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2,1 faiz artmış, 55,4 milyon manat həcmində olmuşdur. Nəzərinizə çatdırım ki, ümumi məhsul buraxılışının tərkibində tikinti-quraşdırma işlərinin xüsusi çəkisi 36,0 faiz təşkil edir. İl ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 11,9 faiz artmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 240.3 manat təşkil edir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun olaraq həyata keçirilmişdir. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində 2015-ci il ərzində 771 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur. İşlə təmin olunanların 661 nəfəri (85.7 faiz) daimi işlərdə işləyənlərdir. Rayonda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə vakant iş yerləri haqqında məlumatlar mütəmadi olaraq toplanılır, işləməyən əhalinin uçotunun aparılması, keçirilən əmək yarmarkalarının səmərəliliyin artırılması məqsədilə yerli müəssisələrin fəal iştirakının təmin edilməsi sahəsində zəruri addımlar atılır. İl ərzində 348 nəfər iş axtaran kimi rayon Məşğulluq Mərkəzində qeydiyyata alınmış və 127 nəfəri işlə təmin edilmişdir. “Ağstafa rayonunun Sosial-İqtisadi İnkişafı Proqramı (2014-2018-ci illər)” nın icrası Tədbirlər Planına uyğun olaraq həyata keçirilir. Proqram çərçivəsində rayonda 2016 yeni iş yerlərinin yaradılması nəzərdə tutulmuşdur. Son illərdə rayonda geniş miqyaslı layihələr, abadlıq, quruculuq və tikinti işlərinin həyata keçirilməsi sakinlərimizin inam və etibarını artırmışdır. Məhz bunun nəticəsidir ki, statistik göstəricilərə görə 2015-ci il ərzində rayonda miqrasiya artımı müsbət saldo ilə nəticələnmiş (gələnlər 180, gedənlər 64, artım +116), rəsmi qeydiyyata alınan nikahların sayı 578, boşanmaların sayı bu göstəricinin 13.0 faizi qədərini (75) təşkil edir. İl ərzində doğulanların sayı 1368, ölənlərin sayı 600, təbii artım 768 nəfər olmuşdur. 1 yanvar 2016-cı il tarixə rayon əhalisinin sayı 85400 nəfər olmuşdur.
Keçən il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmiş və aqrar sahədə islahatlar aparılmış və bu sahəyə diqqət artırılmışdır. Rayonun kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin fəaliyyətinin səmərəli təşkili, aqrar sahədə sahibkarlıq müəssisələrinin bərpası və yenilərinin yaradılmasına göstərilən qayğı və fermer təsərrüfatlarının genişləndirilməsinin dəstəklənməsi nəticəsində 2015-ci ildə rayon iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi 33,6 faizə çatmışdır. Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün möhkəm hüquqi baza və dövlət tərəfindən hərtərəfli dəstək vardır. Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. 2015-ci il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları tərəfindən 84 layihə üzrə 977,0 min manat güzəştli kreditlər verilmişdir. Əhalinin banklardakı əmanətlərinin həcmi 2.5 dəfə artmış və 3 milyon 579 min manat və ya 2 milyon 273 min ABŞ dolları ekvivalenti həcmində olmuşdur.
Ağstafa rayonunun kənd təsərrüfatı məhsulları istehsalçıları həyata keçirilən zəruri tədbirlər nəticəsində 2015-ci ildə də uğurlu nəticələr əldə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikası əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində rayonda müvafiq tədbirlərin görülməsi təmin edilmişdir. Belə ki, 2015-ci ilin məhsulu üçün rayon üzrə 7714 hektar sahədə taxıl əkilmiş və bütün sahələr biçilərək 22440.9 ton məhsul istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 29.1 sentner olmuşdur. Bostan-tərəvəz məhsullarının istehsalında da nəticələr uğurlu olmuşdur. 2015-ci ildə 608 ha kartof, 394 ha tərəvəz, 519 ha qarğıdalı, 140 ha bostan, 728 ha günəbaxan, 86 ha paxlalı bitkilər əkilmişdir. Rayon üzrə 9801 ton kartof, 3684 ton tərəvəz, 103 ton paxlalı bitki, 1467 ton bostan, 9783 ton meyvə, 1190 ton günəbaxan, 1198 ton qarğıdalı, 7301 ton üzüm istehsal olunmuşdur. 2015-ci ildə rayonun heyvandarlıq sahəsində çalışan fermer və sahibkarlar da müsbət nəticələr əldə etmişlər. Ət istehsalı 73 ton artaraq 2898 tona, süd istehsalı 374 ton artaraq 12307 tona, yun istehsalı 12 ton artaraq 324 tona, yumurta istehsalı 84.6 min ədəd artaraq 5207 min ədədə çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın baş sayı artaraq 26131 başa, xırda buynuzlu heyvanların baş sayı 173624 başa çatmışdır.
2015-ci ildə rayonda təmizliyin saxlanılması, yeni ağacların əkilməsi, yaşıllıq zolaqlarına qulluq və ekologiya ilə bağlı məsələlərin həlli istiqamətində müəyyən işlərin görülməsi təmin edilmişdir. 2015-ci ildə rayonun idarə, müəssisə və təşkilatlarının iməcilik keçirmə təşəbbüslərinə dəstək verərək rayon ərazisindən keçən avtomobil yollarının kənarlarından, inzibati və yaşayış binalarının, park və meydanların ərazisindən məişət tullantılarının toplanması mütəmadi qaydada təmin edilmiş, yaz və payız aylarında ağac əkmə kampaniyası keçirilmişdir. Rayonda təbiətin mühafizəsi və ekologiyanın qorunması məqsədi ilə şəhərdə və yol kənarlarında 8300 ədəd yeni ağac tingi əkilmişdir.
Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilmişdir. N.Nərimanov, S. Ağamalıoğlu, R.Əsədov küçələri yenidən qurulmuş, C.Cabbarlı, E.Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində abadlıq-yenidənqurma işlərinə başlanılmış, E.Qələmçəli küçəsində fərdi yaşayış evlərinin və mənzillərin dam örtükləri və fasadlarında əsaslı təmir işləri aparılmışdır. R.Alıcanov küçəsi 1 və 2 nömrəli hər biri 16 mənzilli yaşayış binalarının dam örtükləri tamamilə yenidən qurulmuşdur. Lakin, bununla yanaşı abadlıq sahəsində cari ildə yerinə yetirilməli işlər çoxdur. Ağstafa şəhərinin küçələrinin, eləcə də kənd və qəsəbələrin daxili yollarının abadlaşdırılmasına ciddi ehtiyac vardır. Dövlət mənzil fondunun qorunub saxlanılması, mənzillərin, çoxmənzilli yaşayış binalarının istismarının uzun müddətli olmasını təmin etmək məqsədi ilə təmir işləri vaxtında aparılmalı, binaların yükdaşıyan konstruksiyalarının zədələnməsinə yol verilməməlidir. 24, 40 və 48 mənzilli yaşayış binalarında açıq eyvanlarda və pilləkən boşluqlarında vətəndaşlar tərəfindən edilən əlavələr məcburi qaydada sökülmüşdür. Ağstafa şəhər 300 şagird yerlik uşaq musiqi məktəbinin, Ağstafa şəhərində, Dağ Kəsəmən və Aşağı Kəsəmən kəndlərində uşaq bağçası-körpələr evinin tikintisi davam etdirilir. Rayon mədəniyyət mərkəzinin əsaslı təmiri və ətrafının abadlaşdırılması işləri yüksək səviyyədə yerinə yetirilmişdir. Mərkəzin qızdırılması və havalandırılması üçün mərkəzi sistem quraşdırılmış, interyeri və fasadları milli memarlıq üslubunda qurulmuşdur. Poylu kəndində 55 yerlik uşaq bağçası-körpələr evinin tikintisinin layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır.
Hesabat dövründə Qırılı, Saloğlu, Soyuqbulaq, H.Aslanov, Köçvəlili və Soyuqbulaqlar qəsəbəsində qazlaşma başa çatdırılmış, Muğanlı, Qarayazı, Sadıqlı, Ağgöl və Böyük Kəsik yaşayış məntəqələrinin qazlaşdırılması isə davam etdirilir. Rayon üzrə yaşayış məntəqələrinin qazlaşması 85 faizə çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin 30 iyun 2014-cü il tarixli ”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Ağstafa şəhərində Musiqi və İncəsənət Mərkəzinin tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri işləri başa çatdırlmışdır. Qeyd edim ki, bu Mərkəzin tikintisi Ağstafanı bölgənin mədəni mərkəzi kimi formalaşmasını təmin edəcəkdir.
2015-ci il məzunlarından 340 nəfər ali məktəblərə sənəd vermişdir ki, bu da məzunların 48.9 faizi deməkdir. Ali məktəblərə sənəd verənlərdən 218 nəfəri, ümumi sənəd verənlərin 61.8, məzunların isə 30.2 faizi artıq tələbədir. Qəbul olunanlardan 15 nəfəri 600-dən, 36 nəfəri isə 500-dən çox ümumilikdə 51 nəfəri 500-dən çox bal toplamışdır ki, bu da ali məktəblərə qəbul olunanların 24.3 faizi deməkdir. Bu da ötən illə müqayisədə 3.1 faiz yüksəkdir. Hesabat ilində körpələr evi-uşaq bağçalarının maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində iş aparılmışdır. Aşağı Kəsəmən kənd körpələr evi -uşaq bağçasının yerləşdiyi bina qəzalı olduğundan, yeni binanın tikintisinə başlanılmışdır. Tatlı kənd 1-saylı körpələr evi-uşaq bağçası qəzalı olduğuna görə Tatlı kənd tam orta məktəbinin əvvəlki yardımçı binasına, Göycəli kənd körpələr evi-uşaq bağçası Göycəli bələdiyyəsinin balansında olan digər binaya köçürülməsi təmin edilmişdir. Hazırda şəhər 5-saylı, Dağ Kəsəmən kənd 1-saylı və Aşağı Kəsəmən kənd Körpələr evi-uşaq bağçalarının tikintisi və Tatlı kənd 2 saylı uşaq bağçasının əsaslı təmiri davam etdirilir. Dağ Kəsəmən kənd 2 saylı körpələr evi-uşaq bağçası təmir olunaraq istifadəyə verilmişdir.
Agstafa rayonunda vətəndaşları narahat edən məsələlərə daha diqqətlə yanaşma artırılmış, onların müraciətlərinə baxılması işi yaxşılaşdırılmışdır. Mövcud problemlərin həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi, vətəndaşların tələb və təkliflərinin öyrənilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısının yerlərdə keçirdiyi görüş-qəbullar 2015-ci ildə daha mütəmadi xarakter almışdır. 2015-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə 36 səyyar qəbul görüş keçirilmişdir. Bu qəbullarda 7421 nəfər sakin iştirak etmiş, 376 təklif verilmişdir. Qaldırılan problem və təkliflərin 217 həll olunub, 58-nin icrası davam edir, 101 təklifin icrası ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir.
Hesabat ilində Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 1046 müraciəti (bunlardan 94.4 faizini ərizələr, 5.6 faizini şikayətlər təşkil edir) daxil olmuşdur. Ötən ilə nisbətən daxil olan müraciətlərin sayı 118 ədəd və ya 11.3 faiz azalmışdır. Müraciətlərin təhlili göstərir ki, onların 27.2 faizi mərkəzi orqanlardan, 72.8 faizi isə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin payına düşür. Daxil olan müraciətlərin 30.7 faizi müsbət həll olunmuş, 62.2 faizinə müvafiq izahat verilmiş, 3.5 faizi əsassız sayılmış, 3.6 faizi icradadır.
Hesabat yığıncağı işgüzar şəraitdə keçdi.
Azərbaycan Respublikası Milli Məclisin üzvü Nizami Cəfərov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev tədbirdə çıxış etdilər.
21015-ci ildə rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən bir sıra şəxslər Ağstafa rayon İcra hakimiyyətinin “Fəxri Fərmanı”ı ilə təltif edildi.