Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirildi

25 fevral 2016 | 11:00

Bu gün Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətində geniş tədbir keçirildi. Tədbirdə rayon İcra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açdı. Qeyd olundu ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın  yaddaşına əbədilik həkk olundu. Lakin xalqımız  Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. O vaxtkı dövlət rəhbərliyini təmsil edən vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək, XX əsrdə bəşəriyyəti heyrətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkindilər. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi.
Bu siyasət indi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Sözügedən siyasətin əsası isə məhz Ulu Öndər tərəfindən qoyulub. Belə ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Qəbul edilmiş qərara əsasən 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bununla ulu öndərimizin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görülmüşdü.
Tədbirdə çıxış edən rayonun ictimaiyyət nümayəndələri də Xocalı soyqırımı haqqında geniş bəhs etdilər.
Tədbir Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının foyesində Xocalıya həsr olunmuş kitablardan ibarət sərginin nümayişi ilə davam etdirildi.

 

 

 

Keçidlər