Ağstafada “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirildi
"Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı ölkə iqtisadiyyatının inkişafı, makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni müəssisə və iş yerlərinin yaranması və s. sahələrdə bir sıra işlər görülmüşdür.
Dövlət Proqramının yerinə yetirilməsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Ağstafa rayon İcra hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə 5 mart 2016-cı il tarixində Ağstafa rayonunda “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Kamran Nəbizadə də iştirak edirdi.
Tədbirdə bir sıra dövlət nümayəndələri ilə yanaşı, Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 120-dən çox sahibkarlar və fermerlər iştirak etdi. Forumda Dövlət Proqramının yerinə yetirilməsi, sənayenin şəhərlərdən regionlara keçirilməsi, sahibkarlığın inkişafında yeni mərhələ və s. məsələlər müzakirə olundu.
Tədbirdə çıxış edən Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması və rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətindəki tapşırıqlarının icrası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Fevral ayı ərzində 312 yeni iş yeri yaradılmış və 247 nəfər işlə təmin edilmişdir. Rayonda ənənəvi istehsal sahələrinin bərpası istiqamətində də əməli iş görülür. Belə ki, xalça istehsalı sahəsinin yaradılması üçün sərmayə cəlb edilməsi işi yekunlaşmaq üzrədir. Xalçaçılıq üçün artıq müvafiq bina müəyyən edilmiş, Heydər Əliyev Mərkəzində xalçaçılıq kursu yaradılmışdır. İstifadəsiz qalan torpaq sahələrinin müəyyən edilməsi və iri fermer təsərrüfatlarının təsis edilməsi istiqamətində ardıcıl iş aparılır. Ağstafa rayonu üzrə icarə və ya istifadə də olan, lakin istifadə edilməyən 6426 ha torpaq sahəsi müəyyən edilmiş, eləcə də 2000 ha torpaq sahəsinin əhatə edən taxılçılıq və 500 ha sahəsi olan intensiv-kartofçuluq təsərrüfatının yaradılması istiqamətində təşkilati işlər görülür.
Torpaq mülkiyyətçilərinin pay torpaqlarının birləşdirmək yolu ilə iri təsərrüfatların yaradılması istiqamətində maarifləndirmə işləri aparılır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək bildirdi ki, qarşıdakı illərdə məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sənətkarlıq növlərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin görülməsi də diqqət mərkəzindədir. Qeyd edildi ki, fermerlərə satılan gübrəyə, yanacaq və motor yağlarına görə subsidiyaların artırılması, “Aqrolizinq” xətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər yaxın zamanlarda aqrar sahənin inkişafına öz töhfəsini verəcək. Ötən il aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verildiyini bildirən M.Musayev bildirdi ki, biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov isə çıxışında ölkədə yaradılan əlverişli biznes mühiti ilə bağlı məlumat verərək bildirdi ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.
Qeyd edildi ki, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı aparılan işlər nəticəsində sözsüz ki, sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq və bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək.
Türkiyə Cumhuriyyəti Qida, əkinçilik və heyvandarlıq nazirliyinin nümayəndəsi Burhan Erenoğlu da tədbirdə çıxış edərək qardaş ölkənin qida və kənd təsərrüfatı sahəsindəki təcrübəsini azərbaycanlı iş adamları ilə bölüşüb.
Daha sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına söz verildi. Sahibkarlar müəssisələri haqqında ətraflı məlumat verərək, onlara yaradılan dövlət qayğısından söhbət açdılar.
Tədbir iştirakçıları “Qazax sement zavodu”, “Saloğlu” mebel fabriki və “Ağstafa tekstil” müəssisələrində oldular.