AĞSTAFADA NOVRUZ BAYRAMI QEYD OLUNDU
Yaxınlaşmaqda olan Novruz bayramı münasibəti ilə Ağstafa şəhərinin Səməd Vurğun adına mədəniyyət və istirahət parkında geniş bayram tədbiri keçirildi. İlin axırıncı çərşənbə gününə təsadüf edən bayram tədbirində Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri, eləcə də rayon sakinləri iştirak edirdi.
Tədbir iştirakçıları öncə Ağstafa şəhəri Heydər Əliyev prospekti boyu Səməd Vurğun parkının qarşısında məktəblilərin və yerli sənətkarların əl işlərindən ibarət Novruz bayramına həsr olunmuş sərgini, milli folklorumuzdan nümunələri, ədəbi-bədii kompozisiyaları və idmançıların nümunəvi çıxışlarını izlədilər.
Bayram tədbirini giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev il axır çərşənbə və Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi və hər kəsə ən xoş arzularını çatdırdı. 2009-cu ilin sentyabrında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən, 2010-cu ilin fevralında isə BMT Baş Assambleyasının 64-cü sessiyasında hər il martın 21-nin dünyada “Beynəlxalq Novruz Günü” kimi qeyd edilməsi ilə bağlı qərarını xatırladan cənab başçı baharın gəlişindən, təbiətin oyanışından xəbər verən bu bayramın dünyada yüz milyonlarla insan tərəfindən qeyd olunduğunu diqqətə çatdırdı. Bayram iştirakçılarının diqqətinə çatdırıldı ki, Ağstafa rayonu 2016-cı ilin ilk aylarında sosial –iqtisadi inkişaf, abadlıq-quruculuq və yenidən qurma işləri istiqamətində uğurlu nəticələrə nail olmuşdur. Bildirildi ki, Ağstafa şəhər 300 şagird yerlik uşaq musiqi məktəbinin tikintisi və Ağstafa mədəniyyət mərkəzin əsaslı təmir işləri başa çatdırılmışdır. Rayonun daxili imkanları hesabına Heydər Əliyev Mərkəzində yenidən qurma, əsaslı təmir və abadlıq işləri aparılmışdır. Ağstafa şəhərinin E.Qələmçəli və N.Kəsəmənli küçələri yenidən qurulmuş, hər iki küçədə müasir işıqlandırma dayaqları qoyulmuş, səkilərə dekorativ daş düzülmüş və yeni asfalt örtüyü salınmışdır. Cari ildə qarşıda duran məsələlərdən ətraflı bəhs edən cənab Məhərrəm Quliyev sakinləri bayram münasibəti ilə bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
Tədbirdə yazın gəlişini bildirən bayram tonqalı yandırıldı. Novruz bayramı münasibəti ilə rayon icra hakimiyyəti tərəfindən rayonun şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əllilərinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylandı.
Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirildi.