Rayondan kənarda yaşayan iş adamları ilə görüş keçirildi
Ağstafa rayonunun Göycəli kəndində keçirilən görüşdə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayondan kənarda yaşayan ağstafalı iş adamları, sahibkarlar, rayon İHB aparatının şöbə müdirləri, rayon ağsaqqallarının və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Novruz bayramı ərəfəsində kənd sakinləri ilə görüşdə “Karvan-L” şirkətinin prezidenti Əbülfəz Qafarov və digər iş adamları da iştirak edirdi.
Bayram süfrəsi arxasında səmimi şəraitdə keçən görüşdə geniş və ətraflı çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk öncə hamını bayram münasibəti ilə təbrik etdi və ən xoş arzularını bildirdi. Cari ilin əvvəlində ölkədə antiböhran tədbirləri çərçivəsində həyata keçirilən işlərdən, o cümlədən Ağstafa rayonunda görülən tədbirlərdən bəhs edən Məhərrəm Quliyev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonda yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafın dəstək göstərilməsi, əhalinin məşğulluğunun artırılması, iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ardıcıl məqsədyönlü işlər görülür. Qeyd olundu ki, ötən ili uğurlu sosial-iqtisadi nəticələrlə başa vuran Ağstafa rayonunda 2016-cı ilin ilk 3 ayı ərzində də həmin inkişaf tempi daha da artırılmışdır. Rayonda sahibkarlığın inkişafı istiqamətində şəffaflığın təmin edilməsi, yeni biznes planların tətbiqi üçün şəraitin daha da yaxşılaşdırılması kimi məsələlər daima diqqətdə saxlanılır. "Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı ölkə iqtisadiyyatının inkişafı, makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni müəssisə və iş yerlərinin yaranması və s. sahələrdə bir sıra işlər görülməsi qeyd olundu. Bildirildi ki, məhz Ağstafa rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 5 mart 2016-cı il tarixində Ağstafa rayonunda Dövlət Proqramının yerinə yetirilməsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirildi. Həmin forumda rayonda sahibkarlığın inkişafı və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində fikir mübadiləsi oldu. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Ağstafa rayon İcra hakimiyyətinin müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə apardığı məqsədyönlü işlərin nəticəsində rayonda 312 yeni iş yeri açılmış və 298 nəfər işlə təmin olunmuşdur. 2016-cı ilin ilk aylarında sosial-iqtisadi inkişaf, abadlıq-quruculuq və yenidən qurma işləri istiqamətində uğurlu nəticələrə nail olmuşdur. Bildirildi ki, Ağstafa şəhər 300 şagird yerlik uşaq musiqi məktəbinin tikintisi və Ağstafa mədəniyyət mərkəzin əsaslı təmir işləri başa çatdırılmışdır. Rayonun daxili imkanları hesabına Heydər Əliyev Mərkəzində yenidən qurma, əsaslı təmir və abadlıq işləri aparılmışdır. Ağstafa şəhərinin E.Qələmçəli və N.Kəsəmənli küçələri yenidən qurulmuş, hər iki küçədə müasir işıqlandırma dayaqları qoyulmuş, səkilərə dekorativ daş düzülmüş və yeni asfalt örtüyü salınmışdır.
Rayonda iri fermer təsərrüfatlarının yaradılması üçün istifadəsiz qalan torpaq sahələri müəyyən edilmiş, rayonda 2000 ha sahəni əhatə edən taxılçılıq və 500 ha sahəni əhatə edən intensiv-kartofçuluq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır. Bütün bunlarla yanaşı rayonun şəhər, qəsəbə və kəndlərinin sosial problemləri də daima diqqətdə saxlanılır. Ötən illərdə Göycəli kəndində yeni məktəb binasının tikilməsi və istifadəyə verilməsi təmin edilmiş, kəndin qaz, işıq və su təchizatı ilə bağlı məsələlər həll edilmişdir. Kəndə subartezian quyularının təmiri və bərpası, kəndarası yolların təmiri kimi işlər ilboyu həyat keçirilmişdir.
Tədbirdə çıxış edən “Karvan-L” şirkətinin prezidenti Ə.Qafaraov həmyerlilərinin bayram münasibəti ilə təbrik etdi və bildirdi ki, rayonda iri fermer təsərrüfatının yaradılması, yeni istehsal sahələrinin qurulması kimi işlərdə fəal iştirak etmək fikrindədir və bu istiqamətdə olan fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Çıxış edən digər iş adamları da rayonda sahibkarlığın inkişafı, xüsusi ilə aqrar bölmədə özəl qurumların yaradılması ilə bağlı biznes layihələrini təqdim etdilər.
Kənd sakinləri adından çıxış edənlər ölkədə aparılan köklü islahatlar və yenidən qurma işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və bu səmimi görüş və söhbət üçün rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevə öz minnətdarlıqlarını bildirdilər.
Tədbir səmimi dialoq və fikir mübadiləsi şəraitində keçdi.