Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN ORDUSUNUN UĞURU QEYD OLUNDU

05 aprel 2016 | 11:00

Son günlərdə Qarabağda erməni silahlı qüvvələri tərəfindən aparılan təxribat-diversiya hərəkətləri, eləcə də Tərtər-Ağdərə, Ağdam-Xocavənd və Füzuli istiqamətində düşmən tərəfindən dinc sakinlərin atəşə tutulması və Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində qoşunların təmas xəttində yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandanın verdiyi tapşırıqların icrası  və çıxışından irəli gələn məsələlərlə bağlı Ağstafa rayon İcra hakimiyyətində ümumrayon toplantısı keçirilmişdir.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən toplantıda rayon İcra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəhbərliyi və zabitləri, Böyük Vətən müharibəsi veteranları, rayon ağsaqqalları və Qarabağ müharibəsi əlliləri, şəhid ailəsi üzvləri, fəal gənclər, ictimai təşkilatların nümayəndələri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etdi.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qoşunların təmas xəttində yaranmış vəziyyət və aparılan döyüş əməliyyatları barədə ətraflı məlumat verdi və həmin döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Qeyd olundu ki, Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi altında növbəti dəfə qələbə qazandı. Erməni təxribatlarının qarşısının alınması istiqamətində aparılan son əməliyyatlar nəticəsində Azərbaycan Ordusu tərəfindən işğal altında olan üç yaşayış məntəqəsi və bir neçə strateji yüksəklik erməni işğalçılarından azad olunmuş, düşmənin yüzlərlə canlı qüvvəsi və onlarla hərbi texnikası məhv edilmişdir. Aparılan hücum tədbirləri sayəsində düşmənin birinci istehkam xətti bir neçə yerdən dağıdılmış, erməni hərbi komanda-qərargah məntəqələri ləğv edilmişdir. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları Qarabağ cəbhəsində vəziyyəti kəskin olaraq bizim lehimizə dəyişdirmişdir. Həmin zonada vəziyyət tamamilə Ordumuzun nəzarətinə keçmişdir. Düşmən layiqli cavabını almış və qaçmağa üz tutmuşdur. Artıq bir sıra erməni saytları ermənilərin yaşayış yerlərini kütləvi tərk etdiklərini açıq yazmaq məcburiyyətindədir. Hərbi qarşıdurmada Azərbaycan Silahlı Qüvvələri hər sahədə üstünlüyünü nümayiş etdirmişdir.
Toplantıda çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri, şəhid atası Yaqub İsmayılov, Qarabağ müharibəsi əlili  Arzu Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, ağsaqqal Baba Babanlı, ziyalı İbrahim Əliyev, sahibkar Vüqar Kərimov və fəal gənc Namiq Həsənov əldə olunmuş qələbə münasibəti ilə bütün xalqımızı təbrik etdilər. Qeyd olundu ki, bu gün hər bir ağstafalı torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə könüllü iştirak etmək istəyir, Qarabağ müharibəsi veteranları cəbhəyə can atırlar. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçısının bir çağırışı ilə düşmən üzərinə yeriməyə daim hazırdırlar.
Toplantıda qeyd olundu ki, Ağstafa da Ermənistanla sərhəddə yerləşir. Ağstafa rayonunun sərhəd bölgəsində yerləşən kəndlərində sakinlərin dinc həyatının təmin edilməsi istiqamətində hərbçilərlə birgə tədbirlər planının tərtib olunması bildirildi. Əhalinin təhlükəsizliyinin təmin olunması və atəşkəsin pozulması zamanı sakinlər arasında təşviş və həyəcanın qarşısının alınması üçün görülən zəruri tədbirlər iştirakçıların diqqətinə çatdırıldı.
Çıxışlarda belə bir inam ifadə olundu ki, çox tezliklə Azərbaycan bayrağı Xankəndində dalğalanacaqdır.
Tədbirdən sonra rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları və fəal gəncləri, iş adamları və rayon ictimaiyyətinin nümayəndələri rayonun Ermənistanla sərhəddində xidmət edən əsgər və zabitlərin görüşünə getdilər.

Keçidlər