AĞSTAFALI GƏNCLƏR HƏRBİ XİDMƏTƏ TƏNTƏNƏ İLƏ YOLA SALINDI
“Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibəti ilə geniş tədbir keçirildi. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə keçirilən toplantıda rayon İcra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi və zabitləri, Böyük Vətən müharibəsi veteranları, rayon ağsaqqalları və Qarabağ müharibəsi əlliləri, ictimai təşkilatların nümayəndələri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, çağırışçı gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstləri qoydular, Ulu öndərə hörmət və ehtiramlarını bildirdilər.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək hərbi xidmətə yola salınan gəncləri təbrik etdi və onları Vətənin müdafiəsi kimi müqəddəs işdə ayıq sayıq olmağa çağırdı, hərbi nizamnamələrin və komandirlərin tələblərinə əməl etməyi tövsiyə etdi. Qeyd olundu ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu sayəsində ölkəmizdə güclü, müasir hərbi texnika və silahla təchiz edilmiş Silahlı Qüvvələr vardır və Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü Ordudur. Azərbaycan Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların, əsgər və zabitlərin sosial müdafiəsi istiqamətində Azərbaycan dövləti tərəfindən zəruri tədbirlər görülür, onlar dövlət tərəfindən hər cür qayğı ilə əhatə edilir. Ordumuzun son günlərdə düşmən üzərində qazandığı qələbələrdən bəhs edən natiq ümid etdiyini bildirdi ki, çox tezliklə Qarabağ erməni işğalından azad ediləcək və Azərbaycan bayrağı Şuşada dalğalanacaqdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis müavini Füzuli Əliyev məruzə edərək bildirdi ki, cənab Prezidentin Sərəncamına uyğun olaraq vətəndaşların həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar olaraq təşkilati tədbirlər həyat keçirilir, çağırışçıların hər biri artıq hansı hərbi hissədə qulluq keçəcəklərini qabaqcadan bilirlər. Yola salınan gənclərə tövsiyələrini bildirərək onlara uğurlu xidmət arzuladı.
Çıxış edən valideynlər M.Kərimov, A.Ləzgiyeva, Qarabağ əlili Z.Hacıyev, QMƏVŞA İB-nin rayon şöbəsinin sədri Y.İsmayılov həqiqi xidmətə yola salınan gənclərə arzu və istəklərini bildirdilər.
Çağırışçıların adından çıxış edən B.Bəxtiyarov şərəflə xidmət edəcəklərini qeyd edərək, torpaqlarımızın azad olunması uğurunda müharibəyə hər zaman hazır olduqlarını bildirdi.
Tədbir Ağstafa rayon mədəniyyət evinin musiqi kollektivlərin konsert proqramı ilə müşayiət olundu.
Sonda çağırışçılar müqəddəs Quran kitabının altından keçərək dövlət bayrağını öpüb hərbi hissələrə yola salındı.