Ağstafa şəhər sakinləri ilə növbəti görüş
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə Ağstafa şəhərində sakinlərlə görüşdü. Tədbirdə başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də bir sıra idarə müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi. Şəhərin Heydər Əliyev prospektindəki 34, 36, və C.Cabbarlı küçəsindəki 38 saylı çoxmənzilli yaşayış binalarına və ətrafa baxış keçirən rayon İcra hakimiyyətinin başçısı orada yaşayan sakinlərlə görüşdü, yaşayış şəraitləri ilə yaxından tanış oldu. Cənab Məhərrəm Quliyev hər üç binanın ətrafında abadlıq işlərinin aparılması, sakinlərin istirahəti üçün müvafiq yerlərə müasir tipli oturacaqların və işıqlandırma sisteminin quraşdırılması, giriş bloklarının pilləkan qəfəsələrinin əsaslı təmir olunması, elektrik, qaz, rabitə xətlərinin nizamlanması və digər zəruri işlərin görülməsi istiqamətində yerində konkret tapşırıqlarını verdi. Sakinlər ünvanlarında keçirilən bu cür görüşlərdən məmnunluqlarını ifadə etdilər.
Daha sonra cənab Məhərrəm Quliyev görüşdə iştirak edən digər məsul şəxslərlə birlikdə şəhərin bir sıra ərazilərini gəzdi, sakinlərlə səmimi söhbət apardı, mərkəzdə yerləşən bəzi ticarət obyektlərində, ərzaq mağazalarında olaraq əhaliyə göstərilən xidmətin səviyyəsi ilə yerində tanış oldu, ölkəmizdə süni qiymət artımına qarşı aparılan mübarizədən söz açdı.