İlin birinci rübünün yekunları müzakirə edildi
2016-cı ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları ilk öncə Ağstafa rayonunda inşa ediləcək “Karvan-Eko” sənaye parkının maketi ilə tanış oldular. Məlumat verildi ki, “Karvan-Eko” sənaye parkında polietilen qablar zavodu, meyvə qəbulu və meyvə şirəsi istehsalı müəssisəsi, müasir anbar binalarının inşası ilə yanaşı rayonun aqrar inkişaf istiqamətinə uyğun olaraq soyuducu anbar və istixana komplekslərinin tikintisi də planlaşdırılır. Sənaye parkında 3 mərtəbəli müasir inzibati bina və ticarət mərkəzi də fəaliyyət göstərəcəkdir. Yerli meyvə məhsullarının istehsalının nizama salınması üçün parkın ətrafında 2,0 ha ərazinin əhatə edən ərik bağının salınması üçün torpaq sahəsinin ayrılması həyata keçirilir.
2016-cı ilin birinci rübündə Ağstafa rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” məsələ Şuranın yığıncağında geniş müzakirə olundu.
Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev bildirdi ki, aprelin 9-da Nazirlər Kabinetinin iclasında ilin birinci rübünə yekun vuran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında hesabat dövründə ölkəmizin beynəlxalq aləmdə və xarici siyasət kursunda, həmçinin sosial-iqtisadi sahədə vəziyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, 2016-cı il dərin iqtisadi islahatlar ili və dövlət idarəçiliyində şəffaflığı təmin edən yeni strukturların yaradılması ili olacaqdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son günlərdə baş verən hadisələrə münasibət bildirən dövlət başçısı bir mənalı olaraq bildirmişdir kİ, düşmənə bundan sonra daha ağır zərbələr endiriləcəkdir.
Hesabat məruzəsi ilə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bildirmişdir ki, 2016-cı ilin birinci rübündə Ağstafa rayonunda Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsullarının istehsalı 0,6 faiz, nəqliyyat və rabitə xidmətləri 4,1 və 5.2 faiz, pullu xidmətlərin həcmi 1,4 faiz artmışdır. 2016-cı ilin birinci rübündə rayonda 597 yeni iş yeri ilə təmin edilmişdir.
Cari ildə rayonda abadlıq, tikinti işlərinin sürətlə aparılması təmin olunur. Hazırda Ağstafa şəhərinin C.Cabbarlı, E.Qələmçəli və N.Kəsəmənli küçələrinin yenidən qurulması işləri aparılmışdır. Hazırda Ağstafa şəhərinin M.Allahverdiyev, C.Cabbarlı, Heydər Əliyev və M.Ə.Rəsulzadə küçələrində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, pilləkən qəfəslərinin əsaslı təmiri və binaların həyətlərində abadlaşdırılma işlərinin aparılmasına başlanılmışdır. Rüb ərzində məktəb və məktəbəqədər müəssisələrin maddi texniki bazasının yaxşılaşdırılması, Ağstafa şəhər 350 şagird yerlik Musiqi və İncəsənət Mərkəzinin, Ağstafa şəhərində 5 saylı, Dağ Kəsəmən kəndində 1 saylı, Aşağı Kəsəmən kənd uşaq bağçası-körpələr evlərinin tikintisi davam etdirilmişdir. Poylu kəndində 55 yerlik uşaq bağçası-körpələr evinin tikintisinin layihə-smeta sənədləri hazırlanmışdır. Rayon Mədəniyyət evinin və Heydər Əliyev muzey mərkəzinin əsaslı təmiri və yenidən qurulması işləri başa çatdırılmışdır.
Rayonun Kür çayının sol sahilində yerləşən 11 yaşayış məntəqəsinin qazlaşması üçün daşıyıcı qaz xəttinin çəkilişi davam edir. Saloğlu, Soyuq bulaq, Soyuq bulaqlar, H.Aslanov qəsəbələrinə və Köçvəlili kəndinə qaz verilməsi təmin edilmişdir. Qarayazı, Muğanlı, Sadıqlı, Ağgöl və Böyük Kəsik kəndlərinin qazlaşdırılması işləri davam etdirilir.
2016-cı ilin yanvar-mart ayları ərzində Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 215 müraciəti daxil olmuş, rayon İcra hakimiyyəti tərəfindən 2276 nəfər vətəndaş qəbul edilmiş, yerlərdə 11 səyyar qəbulları keçirilmiş, həmin görüşlərdə 1947 nəfər iştirak etmiş, 115 təklif irəli sürülmüşdür. Qaldırılan problem və təkliflərin 63-ü həll olunmuş, 16-nın icrası davam etdirilir, 36 təklifin icrası növbəti aylarda nəzərdə tutulur. Gündəliyə daxil olan digər məsələlər barəsində Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini L.Eyyubova, RİH Aparatının memarlıq və tikinti şöbəsinin müdiri S.Mustafayev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini R.İmanov, İnformasiya təminatı və təhlil sektorunun müdiri K.Abbasov arayışla çıxış etdilər.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Tədbir işgüzar şəraitdə keçdi.