Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirildi

21 aprel 2016 | 11:00

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə  sahibkarlığın inkişafına dəstək verilməsi, əhalinin məşğulluğunun artırılması və yeni iş yerlərinin açılması, sənaye məhəllələrinin yaradılması və iş adamları tərəfindən regionlarda biznes layihələrinin icrası barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda  həyata keçirilən tədbirlərə həsr olunmuş müşavirə keçirildi. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən müşavirədə rayon İcra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və məsul işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və iş adamları iştirak edirdi.
Müşavirədə son aylarda görülmüş işlər barəsində məlumat verən cənab Məhərrəm Quliyev bildirdi ki, ötən iki ay ərzində ölkə başçısının tapşırığına uyğun olaraq  dövlət müəssisələrində 400 nəfər yeni iş yeri ilə təmin edilmiş, rayonun iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq yeni emal və istehsal sahələrinin yaradılması istiqamətində əməli addımlar atılmışdır. Qeyd olunmuşdur ki, rayonda kənd təsərrüfatı sahəsində əvvəllər mövcud olmuş və əhalinin məşğulluğu  nəzərindən rayonda müəyyən ənənəsi olan istehsal və emal sahələrinin bərpası istiqamətində aparılana təhlil və araşdırmalar nəticəsində cari ildən bir neçə kənddə baramaçılığın bərpa edilməsi barədə qərar qəbul edilmişdir. Yerlərdən qaldırılan təşəbbüs və təkliflərin dəstəklənməsi və ölkə rəhbərinin qarşıya qoyduğu tapşırığın icrası istiqamətində cari  ildən rayonun 13 kəndində barama istehsal edilməsi üçün müvafiq şərait yaradılmışdır. Qeyd olunmuşdur ki, bu il rayonda 1500 kq barama istehsal edilməsi nəzərdə tutulmuşdur. Barama istehsalı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verildi.
Müşavirədə ətraflı bəhs ediləm məsələlərdən biri də “Karvan-eko” sənaye parkının yaradılması ilə bağlı görülən işləri oldu. Qeyd olundu ki, “Karvan-L” şirkətinin Ağstafa rayonunda böyük istehsal və emal müəssisələrini birləşdirən “Karvan-Eko” sənaye parkında polietilen qablar zavodu, meyvə qəbulu və meyvə şirəsi istehsalı müəssisəsi, müasir anbar binalarının inşası ilə yanaşı rayonun aqrar inkişaf istiqamətinə uyğun olaraq soyuducu anbar və istixana komplekslərinin tikintisi də planlaşdırılır. Sənaye parkında  3 mərtəbəli müasir inzibati bina və  ticarət mərkəzi də fəaliyyət göstərəcəkdir. Yerli meyvə məhsullarının istehsalının nizama salınması üçün parkın ətrafında 2 ha ərazinin əhatə edən ərik bağının salınması üçün torpaq sahəsinin ayrılması həyata keçirilir. Bu layihənin icra edilməsi nəticəsində 300 nəfər yeni işlə təmin ediləcək, mövsümü işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir.
Bakı Qazax avtomobil yolunun kənarında inşası nəzərdə tutulan sənaye parkının ərazisində böyük abadlıq və yaşıllıq işləri aparılacaq və gələcəkdə yeni otel infrastrukturunun yaradılması da həyata keçiriləcəkdir.
Müşavirədə bir sıra cari məsələlər barəsində fikir mübadiləsi də oldu.

Keçidlər