Köhnəqışlaq kəndində yeni tam orta məktəb binasının tikintisi uğurla davam etdirilir
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə rayonun Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq kəndində oldu. Bu tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vüqar Hüseynov da iştirak edirdi. Köhnəqışlaq kənd 108 şagird yerlik tam orta məktəb binasının tikintisi işləri ilə yaxından tanış olan cənab Məhərrəm Quliyev tikintidə çalışan fəhlə və mühəndislərlə görüşdü, işin gedişi ilə maraqlandı. Məktəbin tikintisində yerli sakinlər işə cəlb olunub. Hazırda tikintidə hörük işləri başa çatmaq üzrədir. Tikinti işləri sürətlə davam edir. Kənd sakinlərinin də iştirak etdiyi görüşdə söhbət zamanı cənab Məhərrəm Quliyev Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən sakinlərin qaz, işıq və su ilə təminatı, eləcə də digər qayğılarının həll olunması barədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinin icrası istiqamətində Ağstafa rayonunda həyata keçirilən işlər barəsində ətraflı məlumat verdi. Qeyd olundu ki, indiki şəraitdə sərhəd kəndində yeni məktəb binasının inşa edilməsi dövlət başçısının qayğısının təzahürüdür.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdi və qeyd etdilər ki, atəşkəs rejiminin pozulmasına və tez-tez ermənilərin kəndi atəşə tutmasına baxmayaraq sakinlər ölkənin Ali baş komandanına və Azərbaycan Ordusuna güvənirlər.
Görüş zamanı sakinlərin istək və təkliflərinin icrası barəsində müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinə yerində tapşırıqlar verildi.